"Qarabağdakı separatçıların dirənişinin arxasında Rusiya durur".
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.
Analitikin sözlərinə görə, Xankəndidə separatçıların təşkil etdiyi aksiyalarda Bakı ilə yanaşı, Qərb əleyhinə də şüarların səsləndirilməsi təxribatların arxasındakı gücün Moskva olduğunu göstərir:
"Son dönəmlərdə Qərbin bu məsələdə daha obyektiv mövqe tutmasının şahidi oluruq. ABŞ və Avropa Birliyi Azərbaycan-Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanmasını istəyir. Vaşinqton və Brüssel Qarabağın Azərbaycan ərazisi olduğunu artıq qəbul ediblər. Onlar Qarabağdakı ermənilərə Bakı ilə dialoqa girmək çağırışı edirlər. Bu, Nikol Paşinyanın da dilindən səslənir”.
Ə.Məmmədlinin spzlərinə görə, baş verənlər Moskvanın xoşuna gəlmir. Rusiya Qarabağdakı marionetlərinə tapşırıq verib ki, dirəniş göstərsinlər, aksiyalar təşkil etsinlər:
“Guya Qarabağda ermənilər "blokada"dadır, "fəlakət" yaşayırlar və s. Bunu ona görə edirlər ki, Moskvanın Azərbaycanın daxili işlərinə müdaxilə imkanları davam etsin. Məqsəd, məram bəllidir, plan nədir bilirik. 30 il bundan öncə bənzər hadisələri yaşamışıq. Ona görə də hesab edirəm ki, Azərbaycan təmkinli, soyuqqanlı və buna paralel həm də qətiyyətli olmalıdır. Moskvaya konkret bildirilməlidir ki, 1988-ci ildəki plan bu dəfə işləməyəcək. Çünki zaman, şərait və reallıqlar çox dəyişib. Yanımızda güclü Türkiyə var. Moskva da bu reallıqları qəbul etməlidir. Qarabağdakı separatçılar ya Bakının şərtlərinə razı olacaq, ya da rədd olub gedəcəklər".

Əhəd Məmmədli: Qarabağdakı separatçılar ya Bakının şərtlərinə razı olacaq, ya da rədd olub gedəcəklər
Həmsöhbətimiz vurğulayıb ki, Qarabağdakı separatçılar dərk etməlidirlər ki, bu dəfə onları Kreml də xilas edə bilməyəcək:
"Təxribatlara əl atırlar, aksiya keçirirlər, çünki ümidlidirlər ki, Moskva yenə onları xilas edəcək. Bu ümidi onların əlindən aldıqdan sonra bizimlə başqa tərzdə danışmağa məcbur qalacaqlar. İlin sonuna kimi Xankəndi və ətrafını öz nəzarətimizə götürməliyik. O zaman separatçılıq da bitəcək, rus sülhməramlıları da 2025-ci ildə ərazimizi tərk edəcəklər. Əks halda ermənilər ruslar üçün "dirəniş plasdarmı" rolunu oynayacaq. Erməniləri əsas gətirən ruslar 2025-ci ildən sonra da Qarabağda qalmağa çalışacaqlar. Bu da bizim dövlət maraqlarımıza cavab vermir".
Qeyd edək ki, Qarabağdakı separatçılar arasında çaxnaşma var. Ötən həftə Xankəndidə separatçıların təşkilatçılığı ilə aksiya keçirildi. 1988-ci ildə olduğu kimi "xalq hərəkatının" başlandığını iddia etdilər. Bildirdilər ki, qısa müddətdə bütün qida ehtiyatları tükənib, mağazalar boşalıb, insanlar aclıqla üz-üzə qalıblar və s. Guya bu “humanitar fəlakətə” qarşı çıxdıqlarını, aksiya keçirdiklərini deyirlər. Aksiyalarda Bakı ilə yanaşı Qərb əleyhinə də şüarlar səsləndirilir.
Aydın Baxış
















