İmişli regional Ədliyyə İdarəsi tərəfindən Nazirliyin Bələdiyyələrlə iş mərkəzi ilə birgə İmişli şəhərində bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi ilə bağlı növbəti seminar-müşavirə keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, İmişli, Beyləqan, Biləsuvar, Saatlı və Füzuli bələdiyyələri nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə “Heydər Əliyev İli” çərçivəsində ulu öndərin banisi olduğu yerli demokratiyanın inkişafı, bu sahədə bələdiyyələrin rolu və fəaliyyətindən danışılıb.
Regional idarənin rəisi İsgəndər Orucov və Mərkəzin məsul işçiləri çıxış edərək, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Həmçinin bələdiyələrlə iş portalının tətbiqi, bələdiyyə torpaqlarının idarə olunması ilə bağlı qanunvericilikdəki yeniliklər, qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında ölkə Prezidentinin Fərmanının icrası, habelə yerli vergilərin toplanmasının artırılması ilə bağlı görülən tədbirlərdən danışılaraq bələdiyyələrin qarşısında duran vəzifələr diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.















