İranda Mahsa Əmini üsyanı dörd həftədir ki, davam edir.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, aksiyalarda polislə nümayişçilər arasında baş verən toqquşmalarda ölənlərin sayı 100-ə çatıb, 1500-dən çox adam saxlanılıb. Bildirilib ki, İranın ali dini lideri Ayətullah Xameneinin göstərişi ilə istintaqı tamamlanan 620 nəfər azad edilib.
Universitetlərdə başlayan etirazlar orta məktəblərə də sirayət edib. Bəzi videolarda məktəbli qızların hicablarını çıxarıb “Diktatora ölüm” şüarları səsləndirdiyi görünür.
İranlı politoloq Esfandyar Batmanghelidjin sözlərinə görə, əgər bu etirazlar uğur qazansa, şübhəsiz ki, qız tələbələrin sayəsində olacaq.
İğtişaşlar davam edərkən, etirazlar zamanı yoxa çıxan və daha sonra ölü tapılan 16 yaşlı Nika Şekarami gündəmə gəlib. Nikanın meyiti 10 gün sonra ailəsinə göstərilib. Zərbələrdən onun burnu əzilib, kəllə sümüyü sınıb.
BBC-nin Farsca bölməsi xəbər verir ki, Nikanın cənazəsi ailəsinə təhvil verilmək əvəzinə, gizli şəkildə başqa kənddə basdırılıb. İddialardan sonra dünən Nikanın ölümü ilə bağlı istintaq başladılıb.
Aytac Aslan



jpg-1667640326.webp)











