İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə hadisə rayonun məşhur restoranlarından birinin yaxınlığında qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb. Nəticədə avtomobildə olan 3 nəfər ağır xəsarətlər alıb.
Hadisə nəticəsində Yunis Məmmədov dünyasını dəyişib.
Məlumata görə, Y.Məmmədov Vətən müharibəsinin iştirakçısı olub.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir ki, fevralın 26-dan 27-nə keçən gecə Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı şəhərində avtoqəzanın baş verməsi və avtomobildə sıxılı vəziyyətdə qalanların olması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayılll Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes” markalı minik avtomobilinin yol kənarındakı hasara çırpılması nəticəsində 3 nəfər vətəndaşın avotomobildə sıxılı vəziyyətdə qalması müəyyən edilib.
Yanğınsöndürən-xilasedicilər müvafiq xilasetmə avadanlıqlarından istifadə etməklə müxtəlif bədən xəsarətləri alaraq sıxılı vəziyyətdə qalmış vətəndaşları operativ qaydada avtomobildən çıxararaq, təcili tibbi yardım briqadasına təhvil veriblər.



















