Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.
Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid Nahid Abbasov hadisəni görmədiyini bildirib:
"Amin bu işi görəcəyini bizə deməmişdi. Əgər bilsəydim, qoymazdım. Hadisədən bir gün qabaq Aminlə Aslan mübahisə etmişdilər. Amin ona deyirdi ki, tərgit bu əməllərini, əl çək bu tüfeyli həyatdan. Amin istəyirdi ki, belə həyat sürdüyünə görə o qapısını bizim evdən ayırsın. Gündə Aslanla bağlı bir şikayət gəlirdi ki, qardaşın mal satır, bizi tutdurur. Aslan gedib market soyurdu, sahibləri kamera görüntülərini gətirib Aminə göstərirdilər ki, qardaşın mağazamızı soyub. Həmişə Amini hədələyirdi, təhqir edirdi yoldaşımı. Deyirdi ki, evqarışıq ailəni yandırıb, səni öldürəcəm. Əvvəldən yaxşı münasibətdə olmuşuq, Aslan narkotikə qurşanandan hər şey pisləşdi. Bir dəfə Aminin barmağını da sındırmışdı".
Şahid Əli Loğmanov həmin gün həyətdə ev işi gördüyünü deyib:
"Səhər saat 10-11 vaxtları idi. İş gördüyüm yerdə birdən qəfil qışqırıq səsi eşitdim. Bağırırdı ki "Öldürdüm, öldürdüm.Gedirəm təslim olmağa". Tez qaçdım ora, Amini görmədim, keçdim əmisigilə, orada yox idi. Onların otağına keçəndə Aslanı üzüqoylu yerdə, kürəyinə qara örtük salınmış gördüm.Gəlin də qucağında uşaq ağlayırdı".
Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib.
Xatırladaq ki, hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında Binəqədi rayonunun ərazisində baş baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.
Onu da qeyd edək ki,Aslan Nuri azyasli körpəsinin gözü qarşısında qətlə yetirilib.Hadisədən sonra Amin Nuri qucagında qardaşının qana bulaşmış körpəsini uşağın anasına verərək qardaşını öldürdüyünü bildirərək könüllü polisə gedəcəyini deyib. Hadisənin qardaşlar arasında mülk bölgüsü ilə bağlı olduğü bildirilib.
Hadisəni törətməkdə təqsirləndirilən Amin Nuri müharibə iştirakçısı və həmçinin zabit olub.
Amin Nurinin barəsində 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 157,1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham irəli sürülüb.
Bakı 




