• Bakı 24° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

“Kürə baxanda utanırıq” -   Mütəxəssisdən AÇIQLAMA

CƏMİYYƏT

07 Mart 2023 | 14:06 | Müəllif: Qalib İbrahimoğlu

“Kürə baxanda utanırıq” - Mütəxəssisdən AÇIQLAMA

Hər zaman Kürün daşacağı haqqında xəbərlər oxuyur, təşvişə düşürdük. Bu dəfə isə əksinə, Kürün qurumağı hər kəsi qorxuya salır.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, Azərbaycanda Kür çayının quruması müşahidə olunur. Bu proses saha çox Neftçala və Salyanda özünü qabarıq göstərir. Verilən məlumatlara görə, çayın quruması nəticəsində Kürün aşağı axınında, o cümlədən çayətrafı kəndlərdə təsərrüfatların suvarılmasında problemlər yaranıb.  Bu isə yaz mövsümü suvarmasını çətinləşdirib.

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, çaylar yağıntı və yeraltı sulardan qidalanır: “Yağıntıların böyük qismi isə yazın sonu, yayın əvvəlində olacaq. Azərbaycanda çayların əksəriyyəti tranzit çaylardır”.

Ə.Əliyev bildirib ki, Kür çayı Azərbaycanın əsas su mənbəyidir. Kürün bir çox qolları Türkiyə, Ermənistan və Gürcüstandan qidalanır və bəzi hissələrdə su anbarları var. Ümumilikdə, Kür çayı respublikamız da daxil olmaqla 1515 kilometr ərazini keçir. Həmin ərazilər də gələcək üçün bu çaydan maksimum istifadə etməyə çalışır. Bu problemə görə də Kür çayı Azərbaycan ərazisinə çatanadək suyu azalır.

Müsahibimizin sözlərinə görə, ölkəmizdə ümumi su həcmi 21,9 milyard kubmetr olmaqla irili-xırdalı 140 su anbarı mövcuddur. Onlardan ən böyüyü 16 milyardkubmetr su həcmi olan Mingəçevir su anbarıdır:

“Bu anbarlar suyu gələcəkdə daha səmərəli istifadə üçün yığır. Beləliklə, çaya hücum başlayır”.

Ə.Əliyev vurğulayıb ki, çayın qurumasının qarşısının alınması üçün ilk növbədə suvarma sisteminə diqqət edilməlidir: “Ən çox suvarılan ərazi taxıl sahələridir. Təəssüf ki, Azərbaycanda müasir texnologiya ilə təchiz olunan suvarma sistemləri olduqca azdır. Kürün şəklinə baxanda utanırıq. Bu çay Zaqafqaziyanın ən böyük çaylarından biridir. Kür daima bizi daşqınları ilə qorxudub. Amma indi Kür-Araz ovalığını çöküntülərlə təmin edən çay qurumaqdadır. Suvarma sistemlərinin artırılması vacibdir. Suyun hər qramını diqqətlə istifadə etməliyik”.

Mütəxəssis onu da qeyd edib ki, günəş parıltısının illik miqdarı 2500-2800 saatdır. Hər kvadratsantimetrə düşən günəş radiasiyasının illik miqdarı 130-145 kkal/sm2 arasında dəyişir. Suvarma çox aparılan ərazilərdə günəş radiasiyası yüksəkdir:  “Təklif edirəm ki, həmin ərazilərdən günəş enerjisinin toplanılması üçün istifadə edilsin. Bu enerjidən məişətdə, ictimai yerlərdə istifadə edə bilərik. O ərazilərdə əhalinin 25-30 faizi yaşayır. Həmin əhaliyə həm istilik enerjisi verilsin, həm də anbarlara toplanan suyun bir qismi paylanılsın. Bəlkə, bu qaydada Kürün qurumasının qarşısı alına bilər”.

Onun sözlərinə görə, həmin ərazilərdə nəhəng şoranlıq yaranıb. Kürün qurumasının səbəbləri ciddi araşdırılmalıdır: “Kompleks iş ortaya qoyulduqdan sonra həll tapmaq mümkündür. Əlavə olaraq, suyun azalmasında insan faktoru əsas rol oynayır. Müəyyən dövr quraqlıq keçəcək. 2050-ci ildən başlayaraq planetdə ənənəvi soyuqlaşma başlayacaq. Buzlaşma dövründən yarımbuzlaşma dövrünə keçid olacaq. Bəlkə də, bu hazırlıq ona gedir. Adətən quraqlıq gəlir, ardınca da qəfil soyuq olur”.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026