Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Antalya Diplomatik Forumu çərçivəsində bir araya gələcəklər.
Bakıvaxtı.az xəbər verir ki, danışıqlar Türkiyənin vasitəçilik missiyası ilə baş tutacaq.
Bu görüş Rusiya-Ukrayna müharibəsi gedişatında nələri dəyişə bilər? Millət vəkili Fazil Mustafa Bakıvaxtı.az-a fundamental bir dəyişiklik gözləmədiyini bildirib: “Görüşün təbii ki, müharibəyə təsiri olacaq. Əslində fundamental bir dəyişiklik olacağını gözləmirəm. Rusiyanın hələ ki, ona tətbiq edilən sanksiyalardan sonrakı davranışı müharibənin dayandıracağına ümid vermir. Müharibə Rusiyanı fəlakətə sürükləyir".
Onun sözlərinə görə, görüşün Türkiyədə olması Rusiya üçün həm də bir şansdır ki, bu prossesi Türkiyənin vasitəçiliyi ilə dayandırsın. Deputat deyib ki, bununla Rusiya həm də müəyyən məsələlərdə Türkiyənin dəstəyini əldə etmək istəyir.
Fazil Mustafa bildirib ki, Türkiyə də bu məsələdən çəkilsə, Qərblə Rusiyanın hər hansı bir diaoloqu mümkün deyil, bütün körpülər yandırılmış olur: “Ona görə də Rusiya tərəfi Türkiyənin bu məsələdə oynaya biləcəyi rolu başa düşür. Bu görüşdə hər halda Ukraynanın ərazi bütövlüyü ilə bağlı müəyyən bəyanatın olması yaxşı olardı, amma hələ ki, Rusiyanın davranışları buna ümid yaratmır. Çünki Rusiya tərəfi axıra qədər gedəcəyini bəyan edir. Lakin onun sona kimi getmək imkanları artıq tükənib. Atəşkəsə nail olmaq mümkün olsa və rus qoşunları əvvəlki mövqelərinə çəkilmiş olsa, onda ümidverici nələrsə gözləmək mümkün olar”.
Nuranə Daxilqızı
















