Məlumdur ki, virusdan qorunmaq üçün açıq hava şəraitindən başqa, demək olar, hər yerdə maska taxırıq. Ancaq bir çox insan maskanın onlara pis təsir etdiyini, hətta yeni xəstəliklərə yol açdığını iddia edir.
Doğrudan da, maska xəstəliklərə yol aça bilər?
Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a danışıb:
"Bilirik ki, bir neçə maska var. Yəqin ki, siz cərrahi maskadan danışırsınız. Filterli maskalarda çox qalmaq olmaz, onları tez-tez çıxarıb taxmaq lazımdır. Çünki həmin maskalar hava buraxmır, yalnız filter vasitəsilə hava gəlir. Amma kütləvi şəkildə avtobuslarda filan istifadə olunan əsas maskalar cərrahi maskalardır. Adətən, cərrahi maskalar elə də problem yaratmır. Ümumiyyətlə, bilirik ki, biz tənəffüs yollarımızdan karbon qazını çıxarırıq, oksijeni isə havadan alıb qana veririk. Nəticədə, qanda olan oksigen ilə karbon qazı mübadilə olur. Bizim nəfəs aldığımız havada, təqribən 21% oksigen var. Maska taxdığımız zaman isə oksigenin miqdarı azalır, karbon qazının miqdarı artır. Buna görə, biz hər dəfə yenidən nəfəs aldıqca oksigenin miqdarı daha da azalır. Uzun müddət belə qalarsa, hipoksiya, yəni oksigen aclığına yol aça bilər. Təbii ki, bu kəskin hipoksiya yaratmır. Sadəcə oksigen miqdarı az olduğu üçün müəyyən qədər oksigen aclığı yarana bilir. Uzun müddət olan oksigen aclığı isə halsızlıq, diskomfort, narahatlıq, sinir sistemində gərginlik, depressiya kimi hallara gətirib çıxara bilir. Buna görə də, vacib yerlərdə maska taxıb açıq havada çıxarmalıyıq. Maska taxmaq məsələsini bu cür növbələşdirmək lazımdır".
Aytac Aslan
















