Son günlər ölkədə koronavirusa yoluxma kəskin artır. Yoluxma sayı 8 minə çatır.
Bakıvaxtı.az xəbər verir ki, yoluxanlar arasında uşaqlar da çoxluq təşkil edir.
Əksər hallarda virusu evə ilk gətirən də elə uşaqlar olur. Məktəb və bağçaya gedən uşaqlar çox insanla təmasda olur, nəticədə yoluxurlar. Bu səbəbdən də valideynlər məktəblərin bağlanmasını istəyirlər. Hətta, gəzən söz-söhbətlərə görə, fevralın 15-dən Azərbaycanda bütün məktəblər iki həftəlik bağlanacaq.
Məsələylə bağlı Bakıvaxtı.az-ın Təhsil Nazirliyinə ünvanladığı sorğu cavabsız qalıb.
Təhsil eksperti Qoşqar Məhərrəmov isə Bakıvaxtı.az-a bildirib ki, məktəblərin bağlanmağına ehtiyac yoxdur. Onun sözlərinə görə, pandemiya nə qədər artasa da, iki illik təcrübəmizdən başa düşdük ki, məktəbləri bağlamaq virusu azaltmır. Bu, həll yolu deyil: “Ona görə, düşünürəm ki, elə bu formada davam etməlidir. Hara qədər, necə davam edəcəyini bilmirəm, amma məlum olan odur ki, hazırkı praktikada sinifləri distant təhsilə keçiririk. Əgər hansısa məktəbdə virus geniş şəkildə yayılıbsa, həmin məktəbi distant təhsilə keçir. Məncə, elə 2020-ci ildən bu praktika belə davam etməli idi”.
Ekspert qeyd edib ki, məktəblərdə fiziki təması mümkün qədər azaltmaq üçün müəyyən tədbirlər görülməlidir: “Göründüyü kimi, bu məsələlər çox da həll olunmur. İndi tədqiqatların nəticəsində qərara alıblar ki, bir həftə karantin müddəti yetərlidir. Bu da yenə insanlarda suallar meydana gətirir ki, iki ildir niyə iki həftəlik karantin tədbiq edirik?! Çoxlu suallar, narahatlıqlar və qeyri-müəyyənliklər var, amma şagirdlərin təhsil haqqını da almaq olmaz. Bu səbəbdən, düşünürəm ki, məktəblər bağlanmamalıdır”.
Aytac Aslan
















