Havaların isinməsi ilə əhalinin dənizə üz tutması bir olur. Sərinləmək, istirahət etmək üçün dənizə gedənlər ilk növbədə təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Mütəxəssislər hesab edirlər ki, çimərliklərdə boğulanların əksəriyyəti məhz bu qaydalara əməl etməyənlər olur. Digər tərəfdən, batma təhlükəsi ilə qaşrılaşmamaq üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi əraziləri seçmək məsləhət görülür.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bakıvaxtı.az-a bildirib ki, hər il çimərlik mövsümundə dənizdə onlarla boğulma hadisəsi olur: “Çimərliyə gedərkən təhlükəsizlik qaydalarına biganə yanaşmaq olmaz. Baş verə biləcək təhlükələri nəzərə almaq lazımdır”.
Onun sözlərinə görə, çimərliyə gedərkən ilk növbədə hava şəraiti nəzərə alınmalıdır. Yəni, küləkli, yağışlı, dumanlı, əlverişsiz hava şəraitində, günün qaranlıq vaxtlarında çimərliyə getməmək lazımdır: “Müvafiq qurumlar tərəfindən rəsmən qadağan olunmuş çimərliklərə gedilməməlidir. Nəzərə almaq lazımdır ki, həmin çimərliklərdə həm suyun sanitar normaları, həm də sualtı relyefləri insan həyat və sağlamlığı üçün qadağadır. Çünki həmin çimərliklərin suyundan analiz götürülür, saualtı baxışlar keçirilir. Həmin ərazidə sualtı axınlar, yanğınlar ola bilər. Həmin ərazilərin qadağa olunmasında əsas amillərdən biri də sahilin təmiz olmamasıdır”.
Ekspert əlavə edib ki, Azərbaycanda belə bir tendensiya var, sanki çimərliyə gedənlər yarışa gedirlər: “Onlar kim daha çox uzaq məsafəyə üzə bilər deyə yarışırlar. Bu da boğulma hallarına gətirib çıxaran amillərdir. Yəni, sahilə paralel üzmək lazımdır. Nəzərə almalıyıq ki, bu, bir istirahətdir, dənizə sərinləmək üçün gedilir”.
E.Nurəliyev deyir ki, çimərliklərdə spirtli içki qəbul etmək, saatlarla suda vaxt keçirmək, yarışmaq insan həyat və təhlükəsizliyi üçün yolverilməzdir. Boğulma hallarının çoxu, demək olar, bu cür hallar ucbatından baş verir.
Müsahibimiz vurğulayıb ki, çimərliyə kiçik qayıq, yarış üçün hər hansı qurğu, şar aparmaq da yolverilməzdir: “Digər tərəfdən, gətirilən yeməklərə də diqqət etmək lazımdır. Təbii ki, spirtli içkilər, yağlı, zəhərlənmə verə biləcək yeməklər olmaz”.
“Hər il olduğu kimi, bu il də vətəndaşlara müraciət edirik ki, gedəcəkləri çimərliklər haqqında əvvəlcədən məlumatlı olsunlar, nəzarət olunmayan çimərliklərdən istifadə etməsinlər”.
Bunu isə Bakıvaxtı.az-a FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət mayoru Aqşin Əlili deyib. Onun sözlərinə görə, əgər hər hansı çimərlikdə xilasedici yoxdursa, bu, həmin ərazinin təhlükəli olduğunu və həmin ərazidə heç bir təhlükəsizlik tədbirlərinin görülmədiyinə bir işarədir: “Dənizdə köməyə ehtiyacımız olduqda xilasedici gəlir. Əgər istirahət etdiyimiz çimərlikdə də xilasedici yoxdursa, demək ki, bizə heç kim köməyə gəlməyəcəkdir. Bu baxımdan bir daha vurğulayırıq ki, vətəndaşlar nəzarət olunmayan çimərliklərdən istifadəö etməsinlər. Əgər xilasedicilər çimərlikdə yoxdursa, həmin çimərlikdə dincəlməsinlər”.
A.Əlili qeyd edib ki, nəzarət olunan çimərliklərdə isə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti dövlət tərəfindən nəzərdə tutulmuş, o cümlədən, İDEA ictimai birliyi tərəfindən Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binəqədi rayonlarında yaradılmış 6 ictimai çimərlikdə fəaliyyət göstərir: “Bütün bu sadaladığım, o cümlədən, dövlət tərəfindən nəzərdə tutulmuş çimərliklərdə xidmət tərəfindən bütün zəruri təhlükəsizlik tədbirləri görülüb. Belə ki, dalğıclar vasitəsilə sualtı baxışlar keçirilib. Bu, çimərlik mövsümünə hazırlıqla əlaqədar ən vacib tədbirlərdən biridir. Çünki bilirsiniz ki, Xəzər dənizində ilin, təxminən, 250 günündən çoxu küləkli havalarla müşahidə olunur, məhz bu küləklər nəticəsində sualtı relyefdə proseslər baş verir, çuxurlar, yarğanlar əmələ gəlir, müxtəlif daş, qaya parçaları çimərlik ərazisinə təbii proseslərlə gətirilir ki, bunlar da birbaşa insan üçün təhlükəlidir”.
Onun sözlərinə görə, bu kimi təhlükələri vaxtında aşkar etmək üçün ərazilərdə təhlükəsizlik tədbiri görmək məqsədilə sualtı baxışlar keçirir, sualtı təmizləmə işləri aparır, təhlükəli çuxur və yarğanlar aşkar etdikdə həmin ərazilərə xüsusi məlumatverici lövhələr yerləşdirirlər: “Eyni zamanda, dənizdə üzmə sərhədlərini müəyyən edən nişanları quraşdırırıq. Bu nişanlar bizə həmin nişana qədər üzmək mesajını verir. Həmin bu nişanlar 1.75 sm dərinlikdə qoyulur və həmin o nişanlardan dənizə doğru üzmək qadağan olunur. Ərazidə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr yerləşdirilir, xilasetmə texnika və vasitələri işlək vəziyyətə gətirilir. Xidmət əməkdaşları bu il də iyun ayının 15-dən artıq gücləndirilmiş iş rejiminə keçirilir. Bütün bu kompleks təhlükəsizlik tədbirinin nəticəsidir ki, bizim nəzarət etdiyimiz ərazilərdə ölümlə nəticələnən suda boğulma halları qeydə alınmayıb”.
A.Əlili bir faktı da vurğulayıb ki, ötən il nəzarət olunan ərazilərdə 227 suda boğulma təhlükəsi ilə üzləşən şəxs xilas olunub, ölümlə nəticələnən hal baş verməyib: “Statistik rəqəm də onu deməyə əsas verir ki, doğrudan da, vətəndaşlar nəzarət olunmayan çimərliklərdən istifadə etməməlidirlər. Nəzarət olunan çimərliklərdə isə bilməlidirlər ki, küləkli havada, dalğalı dənizdə suya girmək, üzmə sərhədini müəyyən edən nişanları ötüb keçmək, spirtli içki qəbul edərək sərxoş halda suya girmək, suda kobud hərəkətlər etmək qadağandır. Yadda saxlamaq lazımdır ki, uşaqlar yalnız böyüklərin müşaiəti ilə çimərlikdən istifadə etməli, çimərlik ərazisinə nəzarətsiz buraxılmamalıdır. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir”.
Aytac Aslan
















