Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaqda təqsirli bilinən müğənni Manaf Ağayev saxlanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, Manaf Ağayevin icazəsiz olaraq işğaldan azad edilmiş ərazilərə keçməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb. Nəticədə fakt təsdiqini tapıb. Müəyyən edilib ki, Manaf Ağayev işğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olub.
"Bununla əlaqədar o saxlanıb. Hadisəyə hüquqi qiymət veriləcək", - deyə DİN-dən bildirilib.
Qeyd edək ki, Manaf Ağayev instaqram səhifəsində paylaşdığı videonu sonra silib.
***
17 fevral, 21:45
Sosial şəbəkələrdə və xəbər saytlarında yayılmış məlumatlara görə işğaldan azad olunmuş Füzuli rayonuna səfər edən müğənni Manaf Ağayev saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, onun Füzuli rayonundan öz instagram hesabından bahalı avtomobillərlə yaydığı görüntülər geniş müzakirələrə səbəb olmuş, sonradan M. Ağayev həmin görüntüləri silmişdi.
Araşdırma zamanı onun işğaldan azad olunmuş ərazilərə qanunsuz daxil olması müəyyən edilmiş və o bu gün axşam saatlarında Bakı şəhərində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov lent.az-ın sorğusuna cavabında faktı təsdiqləyib.
Hazırda araşdırma davam etdirilir.
















