Rus sülhməramlılarının erməni hərbçilərin Qarabağda işğaldan azad olunmuş ərazilərə keçməsinə şərait yaratması ilə bağlı xəbərlər yayılıb. Bu xəbərlərdən təşvişə düşən bir çox insan Azərbaycanın keçmişdə etdiyi səhvləri yenə etdiyini və yenidən müharibə olacağını düşünür. Doğrudanmı tarix təkrarlanır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən tanınmış jurnalist, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl bildirib ki, tarixdə yeni heç nə baş vermir, bu və ya digər formada təkrarlanır:
"Bu baxımdan son günlər Rusiya sülhməramlılarının müşayiəti ilə Laçın dəhlizindən Qarabağa yeni erməni hərbi birləşmələrinin yerləşdirilməsi, İran dövlət nömrə nişanlı yük avtomobillərinin Xankəndində peyda olması da Rusiya və İranın ənənəvi siyasətlərindən əl çəkmədiyini göstərir. Amma bu zaman unudurlar ki, artıq qarşılarında nə XX əsrin əvvəllərindəki, nə də sonlarındakı Azərbaycan deyil. İndi güclü ordusu, qətiyyətli Ali Baş Komandanı və qalib xalqı olan bir Azərbaycan dövləti var".
Cavid İsmayıl hesab edir ki, Azərbaycanın keçmişdə yol verdiyi səhvləri təkrarladığını söyləmək ədalətsizlik olardı:
"Vətən Müharibəsi zamanı Prezident İlham Əliyev həm sərkərdə, həm diplomat, həm də vətəndaş kimi bütün bacarığını ortaya qoydu, sözün yaxşı mənasında həm daxildəki, həm də xaricdəki opponentlərini təəccübləndirdi. Hazırda Azərbaycan hökumətinin Qarabağ məsələsində tutduğu mövqedə hansısa nöqsan görmürəm. Fikir verin - Gürcüstan, Ukrayna və Moldova din faktorunun da sayəsində Qərbin güclü dəstəyinə rəğmən, ərazilərinin bir hissəsini itirdi, Azərbaycan isə bu dəstək olmadan işğal olunmuş ərazilərinin böyük hissəsini azad etdi. Yeni müharibə olacağı təqdirdə, bunun uzun çəkəcəyini düşünmürəm. Çünki Ermənistanın hərbi potensialını Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsi zamanı darmadağın edib, üstəlik, azad olunmamış ərazilərin sahəsi elə də böyük deyil. Yeni müharibə istəyənləri peşman etməyə Azərbaycanın hər cür potensialı var".
Aytac Aslan















