Dron hücumları nəticəsində, Naxçıvan Hava Limanında xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara zəruri tibbi yardım göstərilir və onların vəziyyəti həkim nəzarətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumat yayıb.
Məlumata görə, Babək rayon Nəhrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin qiymətləndirilməsi məqsədilə tibbi müayinələr aparılır.
Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov da hadisə zamanı xəsarət alıb. Onun çiyin nahiyəsində yaralanma qeydə alınıb. Yaralıya tibbi müdaxilə olunub və zəruri müalicə tədbirləri görülüb. Hazırda müalicəsi davam etdirilir.
Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Hazırda onun müalicəsi davam etdirilir.
Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı isə partlayış nəticəsində döş qəfəsinin arxa səthinin küt travması alıb. Ona tibbi yardım göstərilib və müalicəsi davam etdirilir.
Həkimlərin verdiyi məlumata əsasən, yaralıların vəziyyəti stabildir, həyati təhlükə yoxdur. Səhiyyə müəssisələri tərəfindən zəruri tibbi tədbirlər görülür və xəstələrin vəziyyəti nəzarətdə saxlanılır.
İctimaiyyətə tövsiyə olunur ki, yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etsinlər.
***
14:22
İranın dron hücumu ilə bağlı dörd nəfərdən müraciət daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir.
Onlardan 2 nəfərə baş-beyin travması, digər 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Hazırda hər biri müvafiq şöbələrə yerləşdirilib və müalicələri davam etdirilir.
Bakı 







