“Sumqayıt necə sənayə şəhəridir ki, əhalisinin 70 faizi işləmək üçün Bakıya gəlir?"
Bakıvaxtı.az xəbər verir ki, bunu nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
Onun spzlərinə görə, Xırdalan, Masazır, Sulutəpə qarışıq qəsəbələr olduğu üçün onların sakinlərinin Bakının mərkəziylə birbaşa əlaqəsi var: "Çünki məmur-oliqarxlar həyət evlərini alıb bina tikdiyi üçün həmin o həyət evlərinin sakinləri gedib Xırdalandan, Masazırdan, Sulutəpədən ev alıblar. Amma əsas iş yerləri mərkəzdə qaldığı üçün hər gün gedib-gəlmək lazım olur. Bunun üçün ictimai nəqliyyat varmı? Yoxdur”.
Ekspert qeyd edib ki, Baş nazir Əli Əsədovun keçirdiyi müşavirədə çox güman ciddi qərarlar qəbul olunub, amma bu cür qərarların ictimai müzakirəyə çıxarılması lazımdır:
“Yenə də otaqlarda qərar verəndə heç bir effekti olmayacaq. Bu otaq sevdası bitməyincə heç nə düzəlməyəcək. Biz də bu cəmiyyətə fayda vermək istəyirik. Onsuz da danışdıqlarımız, dedikərimiz təklifdir, vəziyyətdən çıxış yoludur. Sadəcə hər birimizin birgə əməyi sayəsində vəziyyəti qaydasına sala bilərik".
Onun sözlərinə görə, keçən il yarım saata, 40 dəqiqəyə getdiyimiz yolu bu gün 2 saata gediriksə, artıq problem böyükdür. Ekspert deyir ki, tıxac bir xəstəlik kimi Bakıda at oynadır. Bunu isə nəqliyyat siyasətinin düzgün qurulmaması ilə əlaqələndirir.
E.Muradlıya görə, nəqliyyatda dəyişiklik və yenilik deyəndə sanki bəzi məmurların şəxsi həyatını dəyişdirib inkişaf etdirməsi nəzərdə tutulur: "O saat ildə iki dəfə maşın dəyişmək, evi dəyişmək, bağ evi almaq, kostyumların sayını çoxaltmaq nəzərdə tutulur. Dünən o müşavirədə basıb-bağlayan iki məmurun avtomobil sevdası, bahalı həyat tərzini dəqiq bildiyim üçün deyirəm bunları. Sadəcə boş-boş danışıb getdi o iki nəfər. Hansı ki, Bakının əsas nəqliyyat yükü onların üzərində idi”.
Ekspert bildirib ki, bu müşavirənin ciddi nəticələrini gözləyirik:
“Nəticə olmasa, deməli, Bakı ölüb, aparıb basdıran yoxdur. Və getdikcə vəziyyət daha da gərgin olacaq. Təkliflərim bunlardır:
1. Kənd Təsərrüfatı Nazirliyi, Dövlər Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi şəhərin kənarlarına köçürülməlidir.
2. Fövqəladə Hallar Nazirliyinin Bakının mərkəzində ən azı 5 binası var. Hələ də çox adam bilmir ki, əsas bina hansıdır. Onların ən azı 4-nü kənara köçürmək lazımdır.
3. Ali məktəblər birmənalı olaraq şəhərdən kənara köçürülməlidir.
4. Orta məktəblərdə məktəbli avtobusu servisi işə salınmalıdır.
5. Bakının mərkəzində iri ticarət obyektlərində, restoranlarda işə başlanmanı günlər və saatlar üzrə bölmək lazımdır.
6. 20 Yanvar dairəsini boşaltmaq. Sumqayıt və Abşeronun qəsəbələrinə gedən sərnişinləri Avtovağzal stansiyasına yönləndirmək. Sumqayıtdan Bakıya gələn, Bakıdan Sumqayıta gedən tələbələr üçün güzəştli avtobus kartları tətbiq etmək önəmlidir. Tələbələri ictimai nəqliyyata qaytarmaqla Bakı-Sumqayıt yolunda maşınların sayını azalda bilərik.
7. Dəniz üzərindən yol - Bibiheybətdən Zığa. Neftçilər prospektində boğulmanı azaldacaq.
8. Boyük Şor gölü üzərindəki yola yük maşınlarını yönləndirməklə Binəqədi şosesini boşaltmaq olar.
9. Xırdalan dairəsində asma körpü və tunel vasitəsilə şaxələnmə yaratmaqla dairədəki xaosu aradan qaldırmaq olar.
10. Zabrat yolunu genişləndirmək.
11. Bundan sonra yol kənarlarında hər hansı obyektin tikintisini məhdudlaşdırmaq. Konkret məsafə müəyyən edilməlidir.
12. Sulutəpə dairəsindəki körpünü şaxələndirmək.
20 Yanvardakı tuneldən "Şamaxinka"ya yol atmaq. "Gənclik"dəki modelə oxşatmaq olar.
13. 20 Yanvardakı körpüdən "Qələbə" dairəsi və Şərifzadə küçəsi istiqamətində, eləcə də 3-cü mikrorayon dairəsi tərəfə əlavə qanadlar atmaq.
14. Piyadaların hərəkətini ciddi şəkildə tənzimləmək.
15. Pafoslu, boş-boş düşüncələri kənara tullamaq. Həyata keçirilən layihələrin inkişaf strategiyasini monitorinq etmək, gələcək effektini izləmək.
16. Köhnə maşınları dərhal sıradan çıxarmaq. Yeni gətirilən maşınlarla bağlı konkret sərt tələblər qoymaq.
17. Sürücülərin təkmilləşdirilməsini həyata keçirmək. Yol-nəqliyyat hadisələrinə qarşı mübarizə aparmaq.
18. İnsan həyatına dəyər vermək....”
Onun sözlərinə görə, ən vacib təklifləri isə bunlardır və dərhal icra olunmalıdır:
"1. İctimai nəqliyyatı inkişaf etdirmək, avtobusların sayını artırmaq. Bunun üçün daşıyıcı şirkətlərə dövlət dəstəyi
2. Metro şəbəkəsini təcili şəkildə inkişaf etdirmək, bir çox istiqamətlərə metro stansiyaları çəkmək, metronun 50 illik inkişaf strategiyasını hazırlamaq".
Bunlar ilkin təkliflərdir. Müzakirə edib daha təkmil variantlar üzərində işləmək olar. Əsas odur şəxsi maraqlar yox, dövlət maraqlı öndə getsin!”, - deyə Elməddin Muradlı vurğulayıb.
Nuranə Daxilqızı













jpg-1667464462.webp)


