"Dövlətim çox sağ olsun, oğurlanan pulların hamısı özümə qaytarıldı".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Unikal"a açıqlamasında kartından 80 min manat oğurlanan Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyev deyib.
O bildirib ki, dünən axşam saat 5-6 radələrindən Gəncə şəhərindən evə gələndə zəng gəlib:
"Fikir vermədim ki, zəng haradan gəlib. Dedilər ki, biz "Kapital Bank"ın işçiləriyik, sizə yardım etmək istəyirik. Bildirdilər ki, kartınızın şifrəsini sındırıblar, pul oğurlayacaqlar. Tez bir zamanda kartınızıda olan pulu bu kartdan digər karta köçürüb sığortalamaylıq. Mən də şokda olan, fikirli olan adamam. Onların dediklərinə əməl etdim. Hadisə belə oldu. Sonra da polisə məlumat verdim. Sağ olsunlar, Samux Rayon Polis İdarəsinin əməkdaşları mənə ərizə yazdırdılar. Daxili İşlər Nazirliyinə və Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə göndərdilər. Onlar tez bir zamanda cinayətkarları yaxaladılar, pulumu geri qaytardılar. Hazırda pulum özümdədir. Dövlətimizin Prezidenti sağ olsun, millətim, xalqım sağ olsun. Hamısı ağır günümdə yanımda oldular".
C.Əliyev qeyd edib ki, həmin şəxslərə inanıb şifrəni verib: ”Mən onlara bildirdim ki, məni yorursuz. Mənə dedilər ki, dayı elə şeylər eləmərik".
Qeyd edək ki Milli Qəhrəman Hökümə Əliyevanın ailəsinin bank kartından 80 min manat oğurlanmışdı. Dərhal faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb. Başlanmış cinayət işi çərçivəsində şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.