Son zamanlar tələbələrin, eləcə də məktəblilərin ölüm xəbərlərinə daha tez-tez rast gəlirik. Ölüm nəinki cavanlaşıb, hətta uşaqlaşıb.
Kardioloq Samir Əsgərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, son zamanlar uşaq və gənclərdə ürək çatışmazlığı problemi çox aktual mövzudur: “Əslində, bu bizim yaralı yerimizdir. Ölüm faktlarının və xəstəliklərin sürətlə cavanlaşmasına son bir neçə ildə çox rast gəlirik. Gənclərdə qəfl ürək tutmaları, miokard infrarktı kimi xəstəliklərin olması, ürək çatışmazlığı bizim üçün təbil siqnalıdır ki, əhalinin gənc yaşda xəstələnməsi insanların yaşlaşmasına aparıb çıxarmayacaq”.
Həkim deyir ki, bu problemə koronavirus dövründən sonra daha çox rast gəlinir: “Səbəb budur ki, Covid-19 zamanı ürəyin miokard əzələsində narahatlıq yaranır. Koronavirus bizim bədənimizə çox faiz hallarda ürək divarından daxil olmağa başladı. Çox az hissəsi isə ağciyər və böyrəkdən daxil oldu. Yəni, birbaşa ürək əzələsindən keçdiyinə görə ürəyin özündə sarsınmalar yaratmağa başlayırdı. Koronavirus dönəmində müalicələrin doğru aparılmaması, bəzi insanların çox etinasız yanaşması, müalicəyə bir qədər gec başlaması ürək-damar xəstəlikləri yaratdı. Ürək çatışmazlığının yaranma səbəbi ürək əzələsi olan miakardın özünün sarsınması nəticəsində yaranıb. Yəni, öz özünü bərpa etmək kimi enerji balansının tükənməsinə səbəb oldu”.
S.Əsgərov qeyd edib ki, bu xəstəlikdən sonra insanlarda eyni zamanda tromblaşma yarandı: “Qanın laxtalanması, tromb dəyərləri sürətlə dəyişdiyinə və ona qarşı heç bir dərmanın vaxtından qəbul olunmaması bu hallara gətirib çıxarır. Onu da qeyd edim ki, Covid dönəmində xəstələrin ancaq infeksionist və terapevtlər tərəfindən mülaicə olunması, çox az hallarda kardioloqla məsləhətləşmələri ürək infrarktı, qəfıl ürək tutmaları, ürəkdən baş verən ölümlər və ürək çatışmazlığına aparıb çıxardı”.
Dediyinə görə, gənclərdə bunun yaranma səbəblərindən biri də xəstələrin energetik içkilərdən həddən çox istifadə etmələridir. Enerki içkiləri ürəyin sarsınmasına gətirib çıxarır, ürək çatışmazlığı yaradır: “Bu içkiləri gün ərzində 2 dəfədən artıq içən insanlarda tromblaşma yaranır. Bu da ürəyin, beynin, böyrəyin, böyük orqanların əsas damarlarını tutaraq infrakt yaradır”.
Kardioloqun sözlərinə görə, son illər tütündən istifadə olunması, alkoqol qəbulu da həddindən artıq çoxalıb: “Bunlar da ürək sarsınması və miokard infrarktının yaranma səbəbidir. Xəstələrimizin qorunması üçün bununla bağlı profilaktik müalicələr aparmaq lazımdır. Yəni, xəstəlik yaranan andan profilaktik müalicələr, qan təhlilləri olunmalı, ona qarşı dərmanlar verilməli, həyat tərzi ona uyğun tənzimlənməlidir. Belə halların yaranmaması üçün nəinki enerji içkilərdən istifadəni azaltmaq, ümumiyyətlə içməmək lazımdır. Həmçinin alkoldan, tütündən tamamilə imtina etmək vacibdir”.
Müsahibimiz bildirib ki, idmanla məşğul olmağa meyilli gənclərimizdə bu problem çox yaranır: “Çünki fitneslə məşğul olduqları halda bədənlərini yaxşı göstərmək üçün energetik dərmanlardan, qida əlavələrindən yüksək dozada istifadə edirlər. Bu da bədəndəki bütün əzələlərlə birlikdə ürək əzələsində də sarsınmalar yaradır. Beləliklə, ürək çatışmazlığı sürətlə gəncləşir”.
Həkim qeyd edib ki, son iki ildə narkotik istifadəsinin çoxalması da bir səbəbdir: “Narkotik vasitələrinin istifadəsi də ürək xəstəliklərinin, qəfl ölümlərin yaranmasına gətirib çıxarır. Bunlardan çəkinib gözəl həyat tərzi sürmək lazımdır. Sağlam həyat tərzi üçün qidalanmamıza, yuxu rejimimizə fikir vermək, ilkin xəstələndiyimiz vaxt həkimə müraciət edib birbaşa qan təhlillərinə baxmaq, gündəlik yürüyüşlər etmək, duz qəbulunu, yağlı yeməkləri azaltmaq lazımdır”.
Aytac Aslan
















