Ötən il 202,1 min vergi ödəyicisinin 5,538 milyard manat məbləğində vergi borcu yaranıb.
Bakıvaxtı.az bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir.
Məlumata görə, görülmüş tədbirlər nəticəsində 189,5 min vergi ödəyicisinin 5,2 milyard manat məbləğində vergi borcunun ləğv edilməsi təmin olunub.
Hesabat dövrü ərzində borclu vergi ödəyicilərinin borcun tərkibi və borcu ödəmədiyi təqdirdə görüləcək inzibati tədbirlər barədə ilkin olaraq məlumatlandırılması məqsədilə onlara ümumilikdə 1,3 milyon rəsmi bildirişin, mobil əlaqə nömrələrinə 561,8 min qısa mesajların göndərilməsi, eləcə də 208,6 min telefon zənginin edilməsi təmin edilib.
Borcun dövlət büdcəsinə alınmasını təmin etmək məqsədilə borclu vergi ödəyicilərinin aktiv bank hesablarına ümumilikdə 6 milyon sərəncam göndərilib, 7 min şəxsin ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması təmin edilib.
Borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə ümumilikdə 12 min qərar qəbul edilib, borclu vergi ödəyicilərinin borcunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin müddəalarına əsasən tələbin icraya yönəldilməsi barədə ümumilikdə 5,1 min qərar qəbul edilib, həmçinin 643 vergi ödəyicisi üzrə cinayət tərkibi yaradan materiallar aidiyyəti istintaq orqanına göndərilib.