Moskvanın əsas prioritetlərindən biri Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsidir və bu kontekstdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönələn bütün təşəbbüsləri dəstəkləyir.
Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin açıqlamasında bildirib.
Bu, Moskvanın Cənubi Qafqaz siyasətində əsas xəttin dəyişmədiyini göstərir. Rusiya rəsmi olaraq regionda sülh və sabitliyin qorunmasını prioritet elan edir, amma əslində proseslərə birbaşa təsir imkanlarını qorumağa çalışır. Kopırkinin Zəngəzur dəhlizi və ya “Tramp yolu” ilə bağlı dedikləri də bunu təsdiqləyir. Moskva açıq mövqe bildirməkdən yayınır, layihənin təfərrüatları müəyyənləşəndən sonra münasibətini açıqlayacağını deyir. Bu, əslində Rusiyanın proses üzərində nəzarəti əldən vermək istəmədiyini və bütün tərəflərlə koordinasiyaya can atdığını göstərir.
Digər mühüm məqam Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasının gündəmdə olmaması ilə bağlı açıqlamadır. Bu, Moskvanın bölgədə uzunmüddətli hərbi-siyasi varlığını təmin etmək niyyətindən xəbər verir.
Kopırkinin “Rusiyanı Cənubi Qafqazdan çıxarmaq mümkün deyil” sözləri isə Moskvanın strateji mesajıdır. Bu mesaj həm Qərbə, həm də region ölkələrinə yönəlib: Kreml bölgədəki təsirini itirmək niyyətində deyil və istənilən kommunikasiya layihəsi yalnız onun iştirakı ilə baş tuta bilər.
Nəticə etibarilə, Rusiya Zəngəzur məsələsinə praqmatik yanaşır. Moskva üçün əsas məsələ layihənin adı və formatı deyil, həmin yolun öz təsir zonasında qalmasıdır. Bu baxımdan, Rusiyanın maraqları həm Ermənistanın, həm də İranın mövqeləri ilə üst-üstə düşür. Azərbaycanın isə əsas məqsədi Naxçıvanla təhlükəsiz və sərbəst bağlantıdır. Bu maraqlar toqquşması Zəngəzur məsələsini sadəcə nəqliyyat layihəsi yox, böyük geosiyasi rəqabətin aləti halına gətirir.
Ruslan Zəngəzur