• Bakı C

    9.3 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Sülh masası kölgəsində güc oyunu: Moskvanın təzyiq strategiyası

CƏMİYYƏT

30 Dekabr 2025 | 17:15

Sülh masası kölgəsində güc oyunu: Moskvanın təzyiq strategiyası

Rusiya-Ukrayna müharibəsi ətrafında baş verən son proseslər göstərir ki, informasiya müharibəsi artıq hərbi əməliyyatların ayrılmaz hissəsinə çevrilib. Ukraynanın guya Putinin Valdaydakı iqamətgahına PUA hücumu etməsi ilə bağlı yayılan iddialar real hərbi nəticədən çox, siyasi və psixoloji təsir məqsədi daşıyır.

Bu tip məlumatlar əsasən qarşı tərəfin mövqeyini zəiflətmək, eyni zamanda beynəlxalq ictimaiyyətə müəyyən mesaj ötürmək üçün gündəmə gətirilir. Moskva bu iddianı sadəcə təhlükəsizlik məsələsi kimi deyil, danışıqlar prosesində əlini gücləndirən arqument kimi istifadə etməyə çalışır.

Mövcud sülh müzakirələrində Rusiyanın əsas tələblərinin nəzərə alınmaması Kreml üçün əsas narahatlıq mənbəyidir. NATO-nun genişlənməsinin dayandırılması, Ukraynanın neytral statusu və Qərb hərbi infrastrukturunun bu ölkədə yerləşdirilməməsi kimi məsələlər Moskvanın təhlükəsizlik doktrinasının əsas sütunlarıdır. Lakin hazırda müzakirə edilən plan bu mövzulara toxunmur və daha çox ərazi məsələləri üzərində qurulub. Bu isə Rusiyanın gözündə razılaşmanı məntiqsiz və qeyri-dayanıqlı göstərir. Belə vəziyyətdə Kreml danışıqları uzatmaq və şərtləri dəyişmək üçün siyasi gərginliyi artırmağa çalışır.

Valdaydakı iqamətgaha hücum iddiasının dövriyyəyə buraxılması da məhz bu məqsədə xidmət edir. Bu, həm daxili auditoriyaya təhlükənin real olduğu mesajını vermək, həm də xarici aktorları Rusiyanın cavab addımlarının qaçılmazlığına inandırmaq cəhdidir. Kremlin bu cür informativ gedişlərlə gələcək hərbi addımlarını legitimləşdirməyə çalışdığı açıq görünür. Eyni zamanda bu, qarşı tərəfə psixoloji təzyiq vasitəsidir və qərarvermə prosesində qeyri-müəyyənlik yaratmağa hesablanıb.

Vaşinqton və Kiyev arasındakı təmaslardan sonra bu iddiaların gündəmə gəlməsi də təsadüfi deyil. ABŞ-ın Ukraynanı müəyyən kompromislərə sövq etməyə çalışdığı ehtimalı Moskvanı daha sərt mövqe tutmağa sövq edir. Rusiya bu yolla həm Kiyevin mövqeyini zəiflətməyə, həm də Qərbə “şərtləri biz müəyyən edirik” mesajını verməyə çalışır. Beləliklə, informasiya müharibəsi real hərbi risklərlə paralel şəkildə genişlənir.

Nəticə etibarilə, mövcud proseslər göstərir ki, sülh hələlik tərəflərin prioriteti deyil. Hər iki tərəf danışıqlardan daha çox üstünlük qazanmaq üçün onları alətə çevirir. Rusiya üçün əsas məqsəd təzyiqi artırmaq və istədiyi siyasi güzəştləri əldə etməkdir. Bu isə qarşıdakı dövrdə gərginliyin azalmasından çox, yeni eskalasiya dalğasının mümkünlüyünü göstərir.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR