2025-ci ilin son günlərində Azərbaycan regional enerji və logistika siyasətində mühüm strateji addımlar atır.
Qazaxıstan neftinin Azərbaycan üzərindən tranzitinin 1,5 milyon tona çatması, Xəzərdə yaşıl enerji layihələrinin irəliləməsi və Çin-Mərkəzi Asiya xətti üzrə Orta Dəhlizin genişlənməsi Bakının geosiyasi və geoekonomik mövqeyini gücləndirir. Bu proseslər Azərbaycanı həm enerji, həm də alternativ logistika mərkəzi kimi ön plana çıxarır.
Qazaxıstan neftinin Azərbaycan üzərindən tranzit həcminin artması regional enerji marşrutlarının şaxələndirilməsi baxımından diqqət çəkir. Eyni zamanda Çin-Mərkəzi Asiya xətti üzrə Orta Dəhlizin genişləndirilməsi Avrasiya məkanında yükdaşımaların alternativ istiqamətlər üzrə təşkilinə şərait yaradır.
Bu proseslər fonunda Azərbaycan regionda enerji və logistika sahəsində mühüm tranzit ölkə kimi mövqeyini möhkəmləndirir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan Orta Dəhlizinin genişlənməsinə töhfə verən ölkələrdəndir. Onun sözlərinə görə, Orta Dəhlizin genişləndirilməsi region üzərindən daha çox yüklərin daşınmasına imkan yaradıb:
“Bu kontekstdə həm enerji, həm də qeyri-enerji sahələrində yükdaşımalar üzrə əməkdaşlığın gücləndiyi müşahidə olunur. Azərbaycan, Qazaxıstan da daxil olmaqla Mərkəzi Asiya dövlətləri ilə beynəlxalq yükdaşımalar və logistika sahəsində ciddi əməkdaşlıq həyata keçirir ki, bu da region üzərindən daşınan yüklərin həcminin artmasına şərait yaradır”.
Deputat qeyd edib ki, eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi Ələt vasitəsilə daşınan yüklərin həcminə birbaşa təsir göstərir və ümumilikdə ölkə üzərindən tranzit yüklərin artmasına müsbət təsir edir. Bütövlükdə formalaşan yeni regional düzən Azərbaycan üzərindən daşınan yüklərin həcminə birbaşa təsir göstərir.

Vüqar Bayramov: Orta Dəhlizin genişləndirilməsi region üzərindən daha çox yüklərin daşınmasına imkan yaradıb
Müsahibimiz əlavə edib ki, Zəngəzur dəhlizinin növbəti mərhələdə istifadəyə verilməsi də Azərbaycan üzərindən daşınan yüklərin həcmini daha da artıracaq:
"Bununla yanaşı, Azərbaycanın Mərkəzi Asiya və digər ölkələrlə əməkdaşlığı hər hansı bir ölkəyə qarşı yönəlmiş deyil. Bu əməkdaşlıq qarşılıqlı fayda prinsiplərinə əsaslanır. Qazaxıstan daha əvvəl də Azərbaycan üzərindən enerji məhsullarının ixracını həyata keçirib və bu istiqamətdə əməkdaşlıq artıq mövcuddur. Bu baxımdan, əməkdaşlığın güclənməsi və inkişaf etməsi heç bir halda hər hansı bir ölkə tərəfindən qısqanclıqla qarşılanmamalı və dövlətlərarası münasibətlərə mənfi təsir göstərməməlidir. Azərbaycan müstəqil şəkildə, milli maraqlar və qarşılıqlı fayda prinsipləri çərçivəsində digər ölkələrlə əməkdaşlıq qurur".
Aynur Babazadə
Bakı 




