• Bakı C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Azad edilmiş ərazilərdə bu xidmət pulsuz oldu

CƏMİYYƏT

30 Dekabr 2025 | 15:02

Azad edilmiş ərazilərdə bu xidmət pulsuz oldu

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib.

Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən edilib.

Qarabağ və Şərqi Zəngəzurda paylayıcı şəbəkədə görülən yenidənqurma işlərinin böyük hissəsi dövlət əsaslı vəsait qoyuluşları hesabına maliyyələşdirilir. Bu istiqamətdə dövlət dəstəyinin davamı olaraq, "Azərişıq" ASC-nin təklifləri əsasında Tarif (qiymət) Şurasının iclasında işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən edilib.

Məişət abonentlərinin, həmçinin istehlak gücü 20 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə 1 fazlı sxem üzrə qoşulması ödənişsiz olacaq.

İstehlak gücü 20 kVt-dan çox olan məişət abonentlərinin və istehlak gücü 200 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin 0,4 kV-luq elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulmasına 65% güzəşt tətbiq ediləcək.

Həmçinin, istehlak gücü 200 kVt-a qədər (orta gərginlikli şəbəkədən) və 200 kVt-dan yuxarı olan qeyri-yaşayış obyektlərinin, habelə elektrik enerjisi istehsalçılarına aid tikinti obyektlərinin aşağı və orta gərginlikli elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulması ödənişsiz olacaq.

Bu sahədə tətbiq olunan güzəşt və azadolmalar abonentlər üçün elektrik şəbəkəsinə qoşulma prosesini daha əlçatan və sərfəli edəcək. Bu isə işğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşmasını dəstəkləməklə yanaşı, sahibkarlıq subyektlərinə əlavə stimul verəcək.

Enerji şəbəkəsinə qoşulma xərclərinin azalması sahibkarlar üçün layihələrin maliyyə səmərəliliyini artırır, yeni iş yerlərinin yaradılmasını dəstəkləyir.


SON XƏBƏRLƏR