UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda Azərbaycan çempionu “Qarabağ” öz meydanında Danimarka nəhəngi “Kopenhagen”i qəbul edəcək.
Bakıvaxtı.az xatırladır ki, oyun oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 20:45-də start götürəcək. Qarşılaşmanı niderlandlı FIFA referisi Serdar Gözübüyük idarə edəcək.
Qeyd edək ki, “Kopenhagen” Çempionlar Liqasının təcrübəli komandalarından biridir və onların oyun fəlsəfəsi sırf intizama və fiziki dayanıqlığa əsaslanır. Bu komanda meydanda temp itkisinə yol vermir, oyunboyu rəqibi sıxışdırmağa çalışır. Xüsusilə də cinah hücumları və standart vəziyyətlərdə təhlükəli görünürlər. Son matçlarda göstərdikləri performans göstərir ki, danimarkalılar yalnız müdafiəyə qapanmır, əksinə, oyunu hücum üzərində qurmağa meyllidirlər. Bu da “Qarabağ” üçün ciddi sınaq olacaq.
"Köhnə atlar" isə artıq uzun illərdir Avropa futbolunun iştirakçısı kimi formalaşıb və təcrübəsini hər mövsüm artırır. “Qarabağ”ın ən böyük gücü oyunçular arasındakı anlaşma və baş məşqçi Qurban Qurbanovun taktiki çevikliyidir. Komanda meydanda təkcə fərdi ustalıq üzərində yox, həm də kollektiv güc üzərində dayanır. Onların oyuna yanaşması rəqibin zəif nöqtəsini tapıb dəyərləndirməkdir. Üstəlik, Bakıdakı azarkeş dəstəyi futbolçulara əlavə motivasiya verir və bu faktor, xüsusilə də böyük rəqiblərlə görüşlərdə ciddi rol oynayır.
Oyunla bağlı məsələnin peşəkarlarının da fikirlərini öyrəndik.
Azərbaycan milli komandasının sabiq baş məşqçisi, futbolçu və mütəxəssis Şahin Diniyev Bakıvaxtı.az-la qarşıdakı oyun haqda fikirlərini bölüşərək bildirib:
“Kopenhagen sıradan bir rəqib deyil. Bayerə qarşı yaxşı oyun keçirmişdilər. Hücuma oynayırlar. Proqnoz vermək çox çətindir".
Ölkə futbolunun təcrübəli simalarından olan Yaşar Vahabzadə isə Bakıvaxtı.az-la fikirlərini bölüşərkən "Qarabağ"ın indiki nüfuzunun Avropada da qəbul edildiyini diqqətə çatdırıb:
“Asan oyun olmayacaq. Bu gün ‘Qarabağ’ öz oyunu ilə Avropada səs salıb. Kopenhagen də çox ciddi yanaşacaq. Mən inanıram ki, qələbə qazanacağıq".
"Şamaxı" klubunun və Azərbaycan U-21 milli komandasının baş məşqçisi Ayxan Abbasov isə Bakıvaxtı.az-a deyib ki, oyunla bağlı ümidlidir:
“Qarabağ" Benfika ilə oyundan sonra azarkeşlərimizi böyük ümidləndirdi. Qarşıdakı oyun isə daha çətin olacaq, hətta "Benfika" matçından da ağır matç baş tutacaq. Rəqibin özünəməxsus oyun tərzi var. Azarkeşlərin dəstəyi ilə qələbəyə inamımız tamdır”.
Əli Hüseynov