“Yeni Sərəncam 1,1 milyon pensiyaçının sosial müdafiəsinin gücləndirilməsində növbəti irəliləyişdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” yeni Sərəncamla bağlı keçirilən brifinqdə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.
Nazir müavini bildirib ki, Sərəncama əsasən bütün pensiyalar 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 9,3 faiz indeksləşdirilməklə 2025-ci il yanvarın 1-dən artırılıb. Artım yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan şəxsləri əhatə edir.
Qeyd olunub ki, pensiyalarda artım proaktiv qaydada, pensiyaçıların hər hansı müraciətinə və sənəd təqdim etməsinə ehtiyac olmadan, elektron sistem üzərindən avtomatik həyata keçirilir. Yeni artımlar üçün illik əlavə olaraq 640 milyon manat vəsait ayrılıb və indeksasiya səviyyəsi 2025-ci il üzrə inflyasiya göstəricisini üstələyir.
Zeynəb Rzayeva
Bakı 




