• Bakı 10° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

İcbari tibbi sığorta var, xidmət yox... - PROBLEMDƏN ÇIXIŞ YOLU

GÜNDƏM

10 Yanvar 2022 | 16:34

İcbari tibbi sığorta var, xidmət yox... - PROBLEMDƏN ÇIXIŞ YOLU

Başımıza hər hansı bir sağlamlıq problemi gəlmədən bu prosesdə bizi nələrin gözləyəcəyini deyə bilmərik.

Arzu edərik ki, sağlamlığımızda problem yaşamayaq, amma həyatın xoş olmayan sürprizlərinə qarşı tədbir görmək, sonradan peşman olmamaq və bəzi şeylərə gecikməmək çox vacibdir. Burada icbari tibbi sığorta xidməti bizim köməyimizə gələ bilər.

İcbari tibbi sığorta (İTS) əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların Xidmətlər Zərfi çərçivəsində tibbi yardım almasını təmin edir.

Xidmətlər Zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və ya hal sığorta hadisəsi hesab edilir.

Xidmətlər Zərfi - sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir.

İcbari tibbi sığorta (İTS) sisteminin 3 məqsədi var:

-Səhiyyədə yeni maliyyələşmə mexanizmini tətbiq etmək;

-Tibbi xidmətlərə əlçatanlığı təmin etmək;

-Əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq

Bəs, bu məqsədlərə hansı səviyyədə nail olunub?

Azərbaycanın regionlarında iki ildən çox müddətdə pilot layihə kimi tətbiq edilən İTS  ötən ilin aprelin 1-dən bütün ölkə ərazisini əhatə edir. Cari il yanvarın 1-dən isə işəgötürənlərdən və işçilərdən icbari tibbi sığorta haqları tutulur. Deməli, səhiyyənin yeni maliyyələşmə mənbəyi ilə bağlı məqsədinə çatmaq mümkün olub.

İnsanlar gəlirlərinin müəyyən faizini ödəməklə sağlamlığını sığorta etdirirlər. İşəgötürən də adətən işçilərin öhdələrinə düşən vəzifələri lazımınca yerinə yetirməsi üçün onların sağlam olmasında maraqlıdır. İTS-nin tətbiqi buna imkan yaradırmı?

Bu suala öncə sosial şəbəkə istifadəçiləri arasında cavab tapmağa çalışdıq. Bu sorğunun nəticəsində bəlli oldu ki, sağlamlığın təminatı olan İTS-dən pasiyentlər yararlanmaq istəsələr də, tibb müəssisələri və həkimlər bu sistemlə işləməkdə maraqlı deyil. Vətəndaşların icbari tibbi sığortanın tətbiqindən məmnunluğu aşağı səviyyədədir. Dövlət və özəl xəstəxanalar sığortanın bu növü barəsində pasiyentlərə məlumat verməyə cəhd etmirlər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Bakıvaxtı.az-a bildirib ki, icbari tibbi sığrotanın bütün prosesi sistemli aparılmalıdır və vəsaitlərin şəffaf xərclənməsi istiqamətində tədbirlər görülməlidir.

“İcbari tibbi sığortanın tətbiqinə başlanılmazdan öncə vətəndaşlara sığorta polisi (sığorta sənədi) verilməli idi. Vətəndaşlar sığorta polisini göstərməklə pulsuz müalicə oluna bilirlər. Bu sahədə təbliğat aşağı səviyyədə aparılır. Xidmətlər Zərfinə daxil olan xidmətlər barəsində insanlar məlumatlandırılmalıdır.

Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi 2021-ci ilin aprel ayından həyata keçirilsə də, yanvar ayından dövlət və özəl sektorda çalışan hər bir vətəndaşın maaşından müvafiq qaydaya uyğun sığorta haqları tutulur. İcbari tibbi sığorta vəsaitlərinin şəffaf xərclənməsi istiqamətində tədbirlər görülməlidir. Dövlətin müvafiq sturukturları buna nəzarət etməlidirlər. Bu sahəyə ictimai nəzarət təmin olunmalıdır”,- deyə A.Qeybulla bildirib.

Həkim qeyd edib ki, tibb müəssisələrinə nəzarət edən qurum İTS sisteminə daxil olmamalıdır. Bu fəaliyyət bir-birinin tabeliyində yox, qarşılıqlı əməkdaşlıq şəklində təşkil edilməlidir.

Sığorta üzrə ekspert Əli Bayramov Bakıvaxtı.az-a bildirib ki, vətəndaşlar İTS-dən məmnundursa, könüllü tibbi sığortaya o qədər də ehtiyac olmamalıdır: “Amma, ölkəmizdə könüllü tibbi sığorta olunanların sayı artmaqdadır. Könüllü sığortanı sığorta növlərinin içində ən böyük portfel hesab etmək olar. Bu o deməkdir ki, həmin insanlar İTS vasitəsilə keyfiyyətli xidməti əldə edə bilmirlər. Ona görə də daha çox sığorta haqqı ödəyib könüllü əsaslarla sığortalanırlar.

Burada obyektiv və subyektiv səbəblər var. Ümumiyyətlə, İTS yeni bir yanaşmadır və bunun üçün müddət lazımdır ki, xidmət səviyyəsi istədiyimiz səviyyəyə gəlib çatsın. Bu prosesə sığortaçılar cəlb edilməlidir ki, onlar öz təcrübəsindən bu layihəyə töhfə verə bilsinlər".

Ekspert deyib ki, İTS-nin Xidmətlər Zərfinin əhatə dairəsi kifayət qədər genişdir, amma əhatə olunmayan təminatlar da mövcuddur: “İcbari tibbi sığortadakı limitlər könüllü sığortadakı kimi deyil, daha dərindir, daha böyükdür, daha möhtəşəmdir. Əgər İTS sistemi istənilən səviyyədə çalışsa, artıq sığortanın könüllü növünə bu qədər ehtiyac olmayacaq”.

Ə.Bayramov qeyd edib ki, vətəndaşlarla yanaşı tibb müəssisələri və həkimlər İTS-nin tətbiqindən məmnun deyillər: "Xidmətlər Zərfindən onlara maraqlı olan tibbi xidmətləri götürürlər və o xidmətlər üzrə müvafiq qurumlarla əməkdaşlıq edirlər. Məsələn, özəl klinika bir xidməti ortalama 100 manata görürsə, icbari tibbi sığorta ilə tənzimlənən həmin xidmətin qiyməti 30-40 manatdır. Burada böyük fərq yaranır. 

Nəzərə alaq ki, adətən kommersiya tipli xəstəxanalarda həkimlərlə xəstəxana partnyorluq edir. Yəni, həkim həm maaş alır, həm də gördüyü işə görə faiz alır. İcbari tibbi sığortadan alınan xidmət haqları kifayət qədər aşağı olduğuna görə xəstəxananın və həkimin əldə etdiyi məbləğ normal halda əldə etdiyindən qat-qat aşağıdır. Nəticədə çox işləyib, az qazanırlar. Ona görə də nə tibb müəssisəsi, nə də həkim İTS sistemilə işləməkdə maraqlı deyil”.

Ekspert vurğulayıb ki, vətəndaşlar az sığorta haqqı ödəməklə kifayət qədər böyük təminat əldə etmiş olurlar və bundan mütləq yararlanmalıdırlar: "Bu sistemdən istifadə üçün onlar ilk olaraq mütləq öz ailə həkimlərinə müraciət etməlidirlər. Ailə həkiminin  araşdırmasından sonra problemin həlli üçün pasiyent müvafiq xəstəxanaya yönləndirilir.

İTS-dən tibb müəssisələrinin, həkimlərin və pasiyentlərin məmnun qalması üçün öncə dövlət xəstəxanalarının xidmət səviyyəsi artırılmalıdır. Sonra lazımi xidməti vermək üçün daha çox vəsait tələb olunduğundan sığorta haqları qaldırılmalıdır. Amma sığorta haqlarının qaldırılması qısa müddət ərzində mümkünsüz kimi görünür. Hazırda isə vətəndaşlarımıza yüksək səviyyədə xidmət göstərilmədiyi üçün İTS-də fundamental dəyişikliklər edilməlidir və xüsusilə də idarəetmə üzrə əməliyyatlar hissəsi gücləndirməlidirlər.

Onu da qeyd edim ki, ölkəmizdə tibb işçilərinin çatışmazlığı var. Bu çatışmazlıq xüsusilə rayonlarda müşahidə olunur. Tibb müəssisələri üçün çalışan kifayət qədər işçilər hazırlamaq lazımdır. İndiki zamanda isə Bakıda fəaliyyət göstərən həkimlər həm də regionlarda fəaliyyət göstərsinlər ki, regionlarda olan vətəndaşlarımız da bu sistemdən yararlana bilsinlər".

Sığorta üzrə ekspert İlkin İbrahimov Bakıvaxtı.az-a bildirib ki, hazırda praktiki və yerində maarifləndirmə prosesi çox zəifdir: “Hətta Bakı şəhərində müəyyən poliklinikalarda belə İTS barədə nə broşur, nə də "Pulsuz xidmət göstərilir" lövhəsi yoxdur. Bu yazılar çox önəmlidir. Vətəndaş hüququnu bərpa etmək istədikdə həmin lövhənin altından baş həkimə müraciət etdə bilsin".  

Sığorta üzrə ekspert Ləman Babayeva Bakıvaxtı.az-a deyib ki, “İcbari tibbi sığorta haqqında” qanunun qəbulu və tətbiqi insanların sosial rifahı və sağlamlığı ilə bağlı həyata keçirilən alqışlanmalı hadisələrdən biri və bəlkə də birincisidir: “Proses bizim üçün yenidir. Bununla bağlı ölkədə uzun təcrübə və vərdiş yoxdur. Ona görə də həm tibb müəssisələri, həm də sığortalılar və sığortaolunanlar arasında çaşqınlıqlar, ümidsizliklər və xoşagəlməz halların olması labüddür.

Ancaq düşünürəm ki, burada subyektiv səbəblər daha çoxdur. Məsələn, maarifləndirmənin zəif olması ən başlıca amildir. İstər tibb personalı, istərsə də əhali arasında məlumat səviyyəsi çox aşağıdır. Hətta bəzi tibb müəssisələri belə öz hüquq və vəzifələrini kifayət qədər bilmirlər. Hazırda İTS 900-dən çox cərrahi əməliyyata təminat verir. Artıq bəzi özəl tibb müəssisələri də bu prosesə qoşulub və İTS çərçivəsində xidmət göstərirlər. Amma təəssüf ki, vətəndaşlar bu haqda məlumatsızdır və İTS-nin qarşıladığı xidmətləri belə ödənişli əsaslarla alırlar. Ona görə də bütün təbliğat-təşviqat metodlarından istifadə edilərək insanlar arasında maarifləndirmə işi genişləndirilməlidir.

Bundan əlavə, həkimlər tərəfindən əsas narazılıq müvafiq orqanlar tərəfindən onlara ödənməli olan ödənişlərin vaxtında və yetərli qədər olmamasıdır. Güman edirəm ki, bu məsələ öz müsbət həllini tapsa İTS-nin tətbiqinin daha effektiv nəticələrini görərik. Yox, əgər məsələ maliyyə deyilsə, onda aidiyyatı orqanlar tibb müəssisələrinin arqumentinə təkzib verməlidirlər. Və İctimai Şuralara, QHT və digər 3-cü şəxs qismində qurumlara elə şərait yaradılmalıdır ki, monitorinqlər aparılsın, maliyyə hesabatlarına əlçatanlıq təmin olunsun və prosesin icrası tam şəffaf olsun. Həmçinin, müxtəlif üsullarla, İTS-nin tətbiq olunduğu inkişaf etmiş ölkələrin təcrübələrinə əsaslanmaqla daha dəqiq araşdırma aparmaq, problemləri, mənfi kölgələri tapmaq və onların aradan qaldırılması yolunda işləməklə məmnunluq səviyyəsini artırmaq mümkündür". 

Ekspert L.Babayeva qeyd edib ki, İTS-nin tətbiq olunduğu ölkələrin hər birində öz qanunvericiliyinə, səhiyyə xidmətlərinin səviyyəsinə, əhalinin rifahına və digər parametrlərə əsaslanan sistem qurulmuşdur: "Bütün ölkələrdə İTS-nin tətbiq olunmasında əsas məqsəd əhalinin daha çox hissəsinin keyfiyyətli tibbi xidmətə əlçatanlığının təmin olunmasıdır. Burada maddi-texniki resurs mühüm əhəmiyyət kəsb edir. Bu əlbəttə ki, ölkələr üzrə fərqli modellərdə ola bilər. Qeyd edim ki, İTS-nin tətbiq olunduğu bütün ölkələrdə xidmətin təşkili və əlçatanlığı ilə bağlı müxtəlif problemlər mövcuddur. Əlbətdə ki, onlarda xidmət səviyyəsini bizimlə müqayisə etmək hələ tezdir. Ancaq bu problemin olmaması demək deyildir". 

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı Bakıvaxtı.az-a bildirib ki, səhiyyə sahəsində fundamental islahatlar həyata keçirilir: “Bilirsiniz ki, dünyanın ən inkişaf etmiş ölkələrində mütərəqqi səhiyyə sistemi kimi İTS sistemi nəzərdə tutulur və ölkəmizdə də bu sistem tətbiq olundu. Bir ölkənin səhiyyə infrastrukturu, maddi-texniki bazası, yüksək səviyyəli tibb kadrları olmasa, orada icbari tibbi sığortanın tətbiqi mümkün deyil. “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı çərçivəsində müasir səhiyyə infrastrukturu yaradıldı. Ən ucqar yerlərdə belə xəstəxanalar inşa olundu, tibb cihazları, avadanlıqlarla təmin olundu.

Azərbaycan gəncləri xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində xarici ölkədə təhsil alaraq yüksək səviyyəli kadrlar kimi ölkəmizə qayıtdılar. Xeyli sayda həkimlərimiz Türkiyədə, Avropada, Amerikada, Rusiyada təhsil alıblar. Bu mənada artıq ölkəmizdə tibb sahəsi üzrə yüksək səviyyəli həkimlərimiz, uzmanlarımız var".

Deputatın sözlərinə görə, icbari tibbi sığorta keçən il bütün ölkə üzrə tətbiq olunub: “Dünyanın mübarizə apardığı pandemiya Azərbaycandan da yan keçməmişdi. Ona görə də səhiyyənin bütün imkanları, resursları pandemiyanın vurduğu zərərlərdən ən az itki ilə çıxmaq üçün o istiqamətə səfərbər edildi. Eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı yaralılarımız, qazilərimiz oldu. Bu mənada artıq yola saldığımız 2021-ci ili sözün həqiqi mənasında İTS-nin ölkə üzrə tətbiq olunduğu il hesab etmək olar.

Vurğulayım ki, İTS-nin Xidmətlər Zərfində nəzərdə tutulan xidmətlərin sayı artmaqda davam edir. Eyni zamanda, bir sıra sahələr var ki, bu sahələrdə də vətəndaş üçün çox açıq seçimlər qoyulur. Məsələn, inkişaf etmiş Avropa ölkələrində pasiyentin ixtiyarı yoxdur ki, ailə həkiminə müraciət etmədən analiz versin, müayinə olunsun, xəstəxanada stasionar müalicə olunsun. Amma Azərbaycanda milli xüsusiyyətlər nəzərə alınaraq vətəndaş həm özü ailə həkiminin göndərişi ilə stasionar müalicə oluna bilər, həm də ona müraciət etmədən xəstəxanaya gedə bilər, analiz verə bilər".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, qurum tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub: "Həmin layihəyə əsasən, İTS-nin Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara göstərilən tibbi xidmətin sayı 2550-dən 2800-ə çatdırılacaq".

Agentlikdən o da bildirilib ki, həkimlərin və vətəndaşların İTS ilə bağlı maarifləndirillməsi istiqamətində müxtəlif vasitələrlə işlər aparılıb və bu prosesin davam etdirilməsi nəzərdə tutulub. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026