"Sənin adını Rəsul qoyduq. Yəni, həyatımıza gələn xoşbəxtlik elçisi olasan. Ad günün mübarək mənim nəfəsim, oğlum. İllər keçəcək, sən böyüyəcəksən. Atan səninlə həmişə fəxr edəcək. Həyatda çox suallar çıxacaq qarşına. Bəzilərinin cavabını tapacaqsan, bəzilərinin isə yox. Çox seçimlər çıxacaq qarşına. Bəzilərini seçəcəksən, bəzilərini yox. Ən böyük seçimin atanınkı kimi olacaq bəlkə də: susmaq, yoxsa danışmaq. İkisi arasında qalanda, istəyirəm biləsən ki, bəzən sükut cavabdan güclü olur. Bəzən ona görə susursan ki, danışanların böhtanı, şəri sənə iyrənc görünür".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aktyor Murad ismayıl instaqram hesabında yazıb. O, oğlu Rəsulun 1 yaşını təbrik edərək, atmacalı sözlər yazıb:
"Həmişə azad ruhlu olasan, mənim aslan oğlum. Biləsən ki, insanın azadlığı ailəsini sevməklə başlayır. Anasına bağlı olmaqla, atasına sayğı duymaqla ,yoldaşını sevmək və bağışlamaqla... Ananı hər zaman sev, əziz oğlum. Çünki analar balaları ilə nəfəs alır. Çünki anasını sevməyən oğlan, qadınının heç vaxt dəyərini bilə bilməz. Bir də biləsən ki, qadının azadlığı sevdiyinə itaət edəndə gözəl görünür. Qadın o vaxt köləyə çevrilir ki, onu sevənlərə nifrət edir və beləcə, öz nifrətinin köləsi olur. Axı azadlıq ürəyin hər istədiyini etmək deyil. Azadlıq ürəyin istəmədiyini etməməkdir. Həmişə azad olasan oğlum. Amma azadlığının da köləsi olmayasan. Nəfsinin, sərvətin köləsi olmayasan. Paxıllığın, böhtanın köləsi olmayasan, Rəsulum. Atan səni çox istəyir. Böyüyəndə, lap böyük kişi olanda, səni də ailəsinə bağlı oğul, etibarlı həyat yoldaşı, güvənilən dost kimi görmək istəyir".
Qeyd edək ki, Murad aktrisa Ülviyyə Xəlilbəyova ilə ailəlidir. Cütlük tez-tez ayrılıb, barışır.
















