Qaraciyər problemlərinin ilkin əlamətləri açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qastroenteroloq Edgmar Parra məlumat verib.
Həkimin sözlərinə görə, yaxşı yuxudan sonra belə keçməyən davamlı yorğunluq qaraciyərin toksinləri orqanizmdən lazımi şəkildə təmizləyə bilməməsinə işarə ola bilər.
Qastroenteroloq əlavə edib ki, gözlərin və dərinin saralması da qaraciyərlə bağlı ciddi problemlərin əlaməti sayılır. Bu, qanda bilirubin səviyyəsinin artması ilə əlaqədardır. Qaraciyər normal işləmədikdə bilirubin orqanizmdən xaric olunmur və nəticədə bu tip saralma müşahidə olunur.
Mütəxəssis həmçinin qeyd edib ki, nəcisin solğun rəngdə, sidiyin isə normadan daha tünd rəngdə olması da narahatlıq doğurmalıdır. Bu hallar safra istehsalı və ifrazatında problemlərin göstəricisi ola bilər.
Edgmar Parra xəbərdarlıq edib ki, sadalanan simptomlardan biri və ya bir neçəsi müşahidə olunarsa, vaxt itirmədən tibbi müayinədən keçmək vacibdir.
Mina Mikayılova