• Bakı 24° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Qarpız zəhərlənməsi: Yayın şirin təhlükəsinin qarşını necə almalı?

CƏMİYYƏT

11 Iyun 2025 | 09:27

Qarpız zəhərlənməsi: Yayın şirin təhlükəsinin qarşını necə almalı?

 Yay gəlir və bu fəslin ən əvəzolunmaz meyvəsi məhz qarpızdır.

İsti yay günlərində insanlar adətən bədənin suya olan tələbatını ödəmək üçün qarpız istehlak edirlər. Bəzi insanlar isə bütün il uzunu yayı gözləyir ki, sevimli meyvələrindən dada bilsinlər.

Amma təəssüf ki, qarpız istifadəsi zamanı zəhərlənmə halları müşahidə olunur.

Bəs, maraqlıdır, insanlar nəyə diqqət etməlidir ki, qarpızdan zəhərlənməsinlər?

Aynur Məmmədova, Kliniki Tibbi Mərkəzin həkim-toksikoloqu

Kliniki Tibbi Mərkəzin həkim-toksikoloqu Aynur Məmmədova Bakıvaxtı.az-a bildirib ki, qarpızdan zəhərlənmələrin qarşısını almaq üçün bir neçə vacib məqama diqqət yetirilməlidir. Dediyinə görə, ilk növbədə, meyvənin təzə olub-olmamasına baxmaq lazımdır.

Toksikoloq qeyd edib ki, qarpız kəsildikdə içi bir qədər yumşaq və elastikliyini itirmiş görünürsə, bu, artıq onun şaxlığını itirdiyini göstərir və belə meyvələr zəhərlənmə riski daşıya bilər.

Qarpız alındığı gün istehlak edilməlidir. Onu soyuducuya qoyub daha sonra yemək və ya otaq temperaturunda saxlamaq tövsiyə edilmir. A.Məmmədova həmçinin çox böyük ölçüdə olan qarpızların alınmasına məsləhət görmür. Onun sözlərinə görə, bəzən meyvənin yetişməsi üçün müxtəlif stimulyatorlardan istifadə edilir və bu da sağlamlıq üçün təhlükə yarada bilər:

“Qarpız istifadədən əvvəl mütləq yuyulmalıdır. Bu meyvə torpaqla təmasda olur və üzərində mikroorqanizmlər ola bilər. Lakin insanlar çox zaman qarpızı yuyulmamış şəkildə masaya qoyur və bu zaman qabıqdan meyvənin içinə mikroblar keçə bilər”.

Həmsöhbətimiz vurğulayıb ki, qarpızla bağlı zəhərlənmələr kimyəvi deyil, məhz qida zəhərlənməsi hesab olunur.

Simptomlarından danışan həkim-toksikoloq bildirib ki, belə hallarda ürəkbulanma, qusma, mədə ağrıları, ishal və bəzən bədən temperaturunun yüksəlməsi kimi əlamətlər müşahidə oluna bilər:

“Qarpızdan zəhərlənmə nəticəsində ölüm halları çox nadir görülür. Mən şəxsən bu cür hadisə ilə qarşılaşmamışam. Ancaq yanaşı xəstəlikləri olan insanlarda məsələn, ürək, tənəffüs, böyrək və şəkər xəstəliklərindən əziyyət çəkən şəxslərdə və ya gecikmiş tibbi müdaxilə halında ağır fəsadlar müşahidə edilə bilər. Belə hallarda artıq ölüm birbaşa qarpızdan deyil, zəhərlənmənin yaratdığı fəsadlardan qaynaqlana bilər”.

A.Məmmədova nəzərə çatdırıb ki, zəhərlənmə riski xüsusilə uşaqlar, hamilə qadınlar və şəkərli diabet xəstələri üçün daha yüksəkdir. Dediyinə görə, azyaşlıların mədəsi zəif olur və qarpızla bağlı sadə bir zəhərlənmə belə onların sağlamlığında ciddi problemlərə səbəb ola bilər.

“Məsələn, bir-iki dəfə qusmaq körpələrdə orqanizmdən çoxlu su və mineral itkisinə səbəb olur, bu isə qıcolma, ürək və tənəffüs çatışmazlığı, hətta komaya qədər gətirib çıxara bilər. Şəkərli diabet xəstələri isə qarpızın tərkibindəki şəkərə görə daha həssas olurlar. Bəzən bu insanlar zəhərlənmənin əlamətlərini şəkərin qalxması ilə səhv salırlar”.

Müsahibimiz sonda söyləyib ki, qarpız düzgün şəraitdə saxlanmalı, təmizlənməli və vaxtında yeyilməlidir:

“Sadə gigiyenik və qida təhlükəsizliyi qaydalarına əməl etməklə zəhərlənmə riskini minimuma endirmək mümkündür”.

Ağa Salamov, qida eksperti

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən qida eksperti Ağa Salamov bildirib ki, hər bir meyvə və tərəvəz təbiətin müəyyən etdiyi, yəni “kodlaşdırdığı” mövsümə uyğun olaraq yetişir.

A.Salamov qeyd edib ki, təbiət qarpızı avqustun ortaları, sentyabrın əvvəlləri üçün “proqramlaşdırıb”. Yəni bu meyvə həmin dövrdə yetişməli və istehlak edilməlidir.

“Amma biz qarpızı qışda, yazda, mövsümü olub-olmadığına baxmadan yeyirik. Bəzən sadəcə bazarda görünən kimi alırıq, sezona uyğun olub-olmaması bizim üçün əhəmiyyət daşımır”.

Bunun təhlükəli nəticələrə gətirib çıxardığını deyən ekspert izah edib ki, belə məhsulların yetişdirilməsində bir sıra süni üsullardan istifadə olunur.

Müsahibimiz həmçinin fermerlər arasında da fərq olduğunu nəzərə çatdırır. Deyir ki, kənd təsərrüfatı üzrə təlim keçmiş, dərmanlamanı düzgün aparanlar olduğu kimi, təhsilsiz, yalnız qazanc məqsədilə kimyəvi maddələrdən sui-istifadə edənlər də var:

“Nəticədə mövsümündən əvvəl süni şəkildə yetişdirilən məhsullarda, xüsusilə də qarpızda, nitrat səviyyəsi kəskin şəkildə artır. Qarpız özü zəhərli deyil. Onu təhlükəli edən ora vurulan kimyəvi gübrələr və dərmanlardır. Bu nitratlar insan orqanizmi üçün zərərlidir və qida zəhərlənməsinə səbəb ola bilər”.

Qida eksperti bundan başqa vurğulayıb ki, qarpıza, ya da içindəki kimyəvi maddələrə qarşı allergiyası olan insanlarda bu məhsullar müxtəlif səpkilər, qaşınma, üzdə şişkinlik kimi hallara, bəzi ağır hallarda isə allergik şoka və hətta ölümə gətirib çıxara bilər.

O, bütün bunların qarşısını almaq üçün maariflənməyin vacib olduğunu bildirib:

“Təəssüf ki, bu gün sosial şəbəkələrdə, xüsusilə də TikTok-da maarifləndirməyə çalışanlar olsa da, insanlar maariflənmək istəmir. Maarifləndirən var, amma maariflənən demək olar ki, yox. İnsanların çoxu bu məsələlərə laqeyd yanaşır və nəticədə zəhərlənmə, allergik reaksiyalar, hətta ölüm kimi hallarla üzləşirlər”.

Ağa Salamov sonda istehlakçıların daha diqqətli olmasını və hansı məhsulun nə vaxt yetişdiyini, nə zaman istehlak etməyin düzgün olmasını bilməyin vacibliyini diqqətə çatdırıb:

“Mövsümündən əvvəl süni şəkildə yetişdirilən meyvə və tərəvəzlərdən uzaq durmaq, təbii şəkildə öz torpağımızda yetişən məhsullara üstünlük vermək sağlamlıq baxımından daha doğru seçimdir”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə bildirib ki, əvvəllər qarpız iyul-avqust aylarında yetişsə də, hazırda əkinçilik vərdişləri dəyişdiyinə, tez yetişən sortlar yaradıldığına, istixanalarda və əkin sahələrində daha müasir aqrotexniki üsullar tətbiq olunduğuna görə məhsul iyun ayında da yetişir.

Qeurumdan qeyd olunub ki, məhsulun vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil.

AQTA bildirir ki, burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrələrdən və pestisidlərdən düzgün istifadə edilməsidir.

“Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə və hətta zəhərlənmələrə belə səbəb ola bilər. Qarpız kəsildikdə içərisindəki kütlənin yumşaq, damarlarının qabarıq gözəçarpan şəkildə olması nitratın miqdarının normadan artıq olmasının göstəricisidir. Bu hal istər tez, istərsə də gec yetişən məhsullarda ola bilər. Buna görə də zəhərlənmə hallarının qarşısının alınması üçün qarpızın düzgün şəkildə yetişdirilməsinə diqqət yetirmək lazımdır”.

Qurumun məlumatında diqqətə çatdırılıb ki, kəsiləndən sonra qarpızın qaydalara uyğun saxlanmasına riayət edilməlidir. Qarpız və yemişin kəsilən gün istehlak olunmasının daha məsləhətli olduğu bildirilib:

“Kəsildikdən sonra soyuducuda müvafiq rejimdə saxlanmasına əməl edilməlidir. BMT-nin “Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı”nın (FAO) məlumatına əsasən, bütöv qarpızın 10-15° C, xırda hissələrə doğranmış qarpızın isə ağzı kip qapaqlı qablarda +5° C temperaturda saxlanması məsləhət görülür. Eyni zamanda kəsilmiş qarpızın üzəri qida üçün nəzərdə tutulan plastik örtüklə kip örtülərək, soyuducunun meyvə-tərəvəz üçün nəzərdə tutulan bölümündə saxlanmalıdır. Kəsilmiş qarpız növbəti günə qaldıqda isə mütləq şəkildə həmin hissənin üst səthi nazik qat şəklində kəsilib kənarlaşdırılmalıdır. Həmçinin qarpızın alma, pomidor, banan kimi etilen qazı ifraz edən meyvələrin yanında saxlanması yolverilməzdir. Etilen qazının təsirinə məruz qalan qarpızın qabığı nazikləşir, yumşalır və nəticədə keyfiyyətini itirir”.

Məlumatda qarpız alarkən diqqət edilməli amillər sadalanıb və qeyd olunub ki, qarpız alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verilməlidir. Qarpızın üzərində açıq sarımtıl-yaşıl və tünd yaşıl rəngdə olan zolaqlar, əsasən, bərabər ölçüdə olmalı və sərhədlərlə ayrılmalıdır:

“Üzərində müşahidə olunan sarı ləkələr isə onun torpaqla təmas etdiyi yerlərdir. Qabığının hamar, səthinin parlaq olması qarpızın yetişməsinin, rənginin mat və solğun olması isə köhnəliyinin əlaməti hesab olunur. Saplağının yaşıl rəngli olması qarpızın hələ tam yetişmədiyini göstərir. Yetişmiş qarpızın saplağı qurumuş, rəngi isə dəyişmiş olmalıdır. Ölçüsü nə kiçik, nə də böyük olmamalı, orta ölçüdə olan qarpız seçilməli və ələ aldıqda ağır gəlməlidir. Oval olan qarpızlar sulu, yumru olanlar isə şirin olur. Qarpızın üzərində çürümə əlamətləri və çatlar olmamalıdır. Günəş altında və yol kənarlarında satılan qarpızların alınması tövsiyə olunmur. Yerdən 20 sm hündürlükdə olan piştaxtaların üzərində satılan qarpızlara üstünlük verilməlidir. Kəsilmiş, doğranmış qarpızları almaq və ya satış nöqtələrində kəsdirmək məsləhət deyil. Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR