Qazaxıstanda keçirilən konstitusiya referendumunda yerli vaxtla saat 22:00-a (Bakı vaxtı ilə saat 20:00) seçici fəallığı 68,44 faiz təşkil edib. Ölkənin 17 inzibati ərazi subyektinin hamısında seçki məntəqələri bağlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyasının (MKK) keçirdiyi brifinqdə məlumat verilib.
Səsvermə günü ümumilikdə 10 mindən çox seçki məntəqəsi, o cümlədən 52 xarici ölkədə 65 məntəqə fəaliyyət göstərib.
Səsvermə siyahılarına 11,7 milyondan çox vətəndaş daxil edilib, respublika əhalisinin sayı isə 19,1 milyon nəfərdən çoxdur.
“Exit-poll”un nəticələrinə görə, seçicilərin 70%-dən çoxu Qazaxıstan konstitusiyasına dəyişiklikləri təsdiqləyib. “İctimai Rəy” İnstitutunun məlumatına əsasən, respondentlərin 74,8 faizi, “Demokratiya İnstitutu”nun rəyinə görə isə respondentlərin 79,4 faizi düzəlişlərlə razılaşıb.
Dəyişikliklər arasında Konstitusiya Məhkəməsinin yaradılması, ölüm hökmünün qadağan edilməsi, respublikanın ilk prezidenti Nazarbayevin statusunun qeydinin silinməsi, onun iki müddətdən artıq seçilməsinə qadağa qoyulması da var.
Beləliklə, Qazaxıstanın idarəetmə forması super-prezident respublikasından prezidentli respublikaya keçəcək.
*** 12:56
Qazaxıstanda referendum baş tutub.
Bakıvaxtı.az-ın xəbərinə görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyası indiyə qədər 7 saat ərzində seçicilərin 53,43 faizinin səs verdiyini açıqlayıb.
Beləliklə, seçici fəallığı 50 faiz baryerini keçdiyi üçün referendum baş tutmuş sayılıb.
Qeyd edək ki, bu gün Qazaxıstanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir. Dəyişikliklərə əsasən, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli idarəetmə orqanlarının rolu əhəmiyyətli dərəcədə artırılır, insan hüquqlarının müdafiəsi sistemi gücləndirilir, Dəyişiklikdə Konstitusiya Məhkəməsinin yaradılması, ölüm hökmünün tam ləğvi, birinci Prezident Nursultan Nazarbayevin statusu ilə bağlı müddəaların Konstitusiyadan çıxarılması əksini tapıb.
















