Məlum olduğu kimi, dekabrın sonunda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi çap mediasına dəstək müsabiqəsinin nəticələrini açıqlayıb.
Bakıvaxtı.az xatırladır ki, dəyişikliyə əsasən, MEDİA ancaq həftədə 1 nömrə üçün maliyyə yardımı ayıracaq.
Bu qərar ölkədə çap mediasının fəaliyyətinə ciddi təsir göstərəcək və qəzet redaksiyalarının iş rejimində əsaslı dəyişikliklər tələb edəcək. Beləliklə, Azərbaycan mediasında növbəti böyük dəyişiklik olacaq.
Bakıvaxtı.azolaraq qəzet redaksiyalarına “Bu qərardan sonra dövriliyinizdə hansı dəyişiklik olacaq” sualını ünvanladıq.
Məsələ ilə bağlı saytımıza danışan “525-ci qəzet”in baş redaktoru Yusif Rzayev bildirib ki, qəzet bundan sonra cümə günü olmaqla həftədə bir dəfə, yəni beşinci gün çap ediləcək. Y.Rzayev qeyd edib ki, yeni dövrilik redaksiyanın iş planına uyğun olaraq tənzimlənəcək və jurnalistlərin gündəlik fəaliyyətində dəyişikliklər qaçılmazdır.
“Yeni Müsavat” qəzetinin redaksiyasından Bakıvaxtı.az-a bildirilib ki, qəzet həftədə bir dəfə, üçüncü gün satışa çıxacaq. Nəşrin qiyməti də dəyişdirilərək əvvəlki 60 qəpikdən 1 manata qaldırılıb. Əlavə edilib ki, bu qərar qəzetin maliyyə davamlılığı üçün vacibdir və oxucular üçün yeni dövriyyəyə uyğun məzmun hazırlamaq planlaşdırılır.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə əməkdaşımıza deyib ki, yeni iş şəraiti qəzetdə yeniliklərin tətbiqinə səbəb olacaq:
“Gündəlik iş rejimi ilə işləmək tamamilə fərqlidir. Yeni mexanizmlər jurnalistlərin fəaliyyətini və redaksiyanın strukturunu dəyişəcək. Qəzetin çapı həftədə bir dəfə olacaq, lakin sayt fəaliyyətinə daha çox diqqət yetiriləcək və elektron platforma üzərindən oxucu ilə ünsiyyət gücləndiriləcək”.
“Səs” qəzetininredaksiyasından Bakıvaxtı.az-a verilən açıqlamada isə qeyd olunub ki, qəzet həftədə iki dəfə çap olunacaq, lakin yalnız bir nəşr MEDİA-nın maliyyə dəstəyi hesabına həyata keçiriləcək. Redaksiya bu dəyişikliyin qəzetin fəaliyyətinə strateji yanaşmanı tələb etdiyini vurğulayıb.
Beləliklə, ölkədə çap mediasının gələcəyi yeni maliyyə qərarı ilə bağlı ciddi dönüş mərhələsinə qədəm qoyub. Redaksiyalar həm çap, həm də onlayn fəaliyyətlərini yenidən qiymətləndirərək oxucuya uyğun və davamlı məzmun təqdim etmək yolunu seçməlidirlər.
Əli Hüseynov
Bakı 




