• Bakı C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Qubad İbadoğlu həftədə 2 dəfə polisə gedir

SİYASƏT

21 May 2024 | 11:50

Qubad İbadoğlu həftədə 2 dəfə polisə gedir

London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun istintaq müddəti daha 3 ay, avqustun 20-dək uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Q.İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, bu addım cinayət işinə münasibətdə maksimum istintaq müddətidir. 3 aylıq müddətin 2 ayı polisin (“Bandotdel”in) təşəbbüsü, 1 ayı isə Azərbaycan Respublikasının Baş prokurorunun təqdimatı ilə artırılıb.

“Bundan əlavə, “Bandotdel”in İstintaq İdarəsinin baş müstəntiqi Yusif Yusifovun qərarı ilə qardaşım haqqında seçilmiş “Ev dustaqlığı” qətimkan tədbiri “Polis nəzarətinə vermə” ilə əvəz olunub”.

Q.Toğrul “Polis nəzarətinə vermə”nin nə olduğunu qısa şəkildə izah edib:

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19.09.2012-ci il tarixli, Q48-001-12 №-li qərarı ilə təsdiq edilmiş “Polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbirlərinin tətbiq edilməsi qaydaları haqqında Təlimat”a görə, bu gündən qardaşıma aşağıdakı ƏSAS məhdudiyyətlər tətbiq edilir:

- Qardaşım həftədə iki dəfə polisə gedib, imza atmalıdır;

- Müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan başqa yerə gedə, yaşadığı məntəqə hüdudunda polisdə qeydə alınmış yaşayış yerini dəyişə bilməz;

- İstənilən anda polis orqanına çağrıla bilər;

- Hətta iradəsinin əksinə olsa (yəni istəməsə, razılıq verməsə) belə, polis onun yaşadığı mənzilə (evə) gələ bilər.

Dünən gecə qardaşımın ayağındakı elektron qolbaq açıldığından bu həftədən başlayaraq, polisin nəzarəti altında olmaqla MRT və KT müayinələrindən keçməyi planlaşdırırıq”.

Qubad İbadoğlu ötən ilin iyul ayında həbs edilib. O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Bu il aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Q.İbadoğlu ev dustaqlığına buraxılıb.

Ardınca Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib.


SON XƏBƏRLƏR

26 Dekabr 2024