Prezident İlham Əliyevin Münhen səfəri ətrafında keçirilən görüşlər və verdiyi müsahibələr bir-birindən ayrı epizodlar deyil, vahid siyasi məntiqə söykənən, ardıcıl və məqsədli bir xəttin müxtəlif istiqamətlər üzrə ifadəsidir. Bu səfər Azərbaycanın artıq postmünaqişə dövründə özünü necə gördüyünü, hansı məsələlərdə kompromisə açıq olmadığını və beynəlxalq auditoriyaya hansı çərçivədə müraciət etdiyini aydın şəkildə ortaya qoydu.
Ən çox diqqət çəkən məqamlardan biri Prezidentin France 24 telekanalına verdiyi müsahibə oldu. Separatçıların cəzalandırılması ilə bağlı sual təsadüfi və ya sadəcə jurnalist marağından doğan bir sual deyildi. Bu sual beynəlxalq ictimai rəyin yönləndirilməsi, “humanitar jest” adı altında hüquqi prosesə siyasi müdaxilə üçün zəmin yaradılması cəhdi kimi oxunmalıdır. Prezidentin cavabı isə bu cəhdlərin qarşısını alan açıq və sərt mövqe idi. Burada əsas xətt ondan ibarət idi ki, söhbət siyasi mübahisədən yox, ağır cinayətlər törətmiş şəxslərin məhkəmə hökmündən gedir və bu hökm nə daxili, nə də xarici təzyiq altında dəyişdirilə bilməz.
Prezidentin separatçıların mühakiməsini Nürnberq prosesi ilə müqayisə etməsi xüsusi diqqətə layiqdir. Bu analogiya sadəcə emosional vurğu deyil, beynəlxalq auditoriyaya ünvanlanan şüurlu mesajdır. Mesajın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan bu prosesi “qalibin məğluba münasibəti” kimi yox, universal hüquq və ədalət prizmasından təqdim edir. Bu yanaşma ilə rəsmi Bakı erməni diasporunun və lobbi dairələrinin yaratmağa çalışdığı “siyasi məhbus” narrativini kökündən sarsıdır və məsələni beynəlxalq cinayət hüququ kontekstinə keçirir.
Eyni müsahibədə ABŞ ilə münasibətlərə və Vitse-prezident Ceyms Devid Vensin Bakıya səfərinə toxunulması da təsadüfi deyildi. Burada açıq şəkildə görünür ki, separatçılarla bağlı mövqe Azərbaycan üçün dəyişməz prinsipdir və bu prinsip hətta strateji tərəfdaşlarla dialoqda belə müzakirə predmeti deyil. Bu, Bakının yeni mərhələdə xarici siyasətində özünəinamın və siyasi suverenliyin hansı səviyyəyə çatdığını göstərir.
Münhendə keçirilən ikitərəfli görüşlər bu siyasi xətti tamamlayan digər vacib elementlərdir. Bolqarıstan rəhbərliyi ilə görüşdə mədəniyyət, humanitar əlaqələr və enerji əməkdaşlığı ön plana çıxarılırsa, Almaniya Bundestaqının Xarici siyasət komitəsinin sədri ilə görüşdə regional sülh gündəliyi və Avropanın enerji təhlükəsizliyi məsələləri vurğulanır. Bu görüşlərin ümumi məğzi ondan ibarətdir ki, Azərbaycan artıq yalnız təhlükəsizlik mövzusu ilə deyil, dialoq, enerji, nəqliyyat və mədəniyyət körpüləri yaradan aktor kimi çıxış edir.
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidentinin verdiyi mesajlar da bu kontekstdə oxunmalıdır. “Biz artıq sülhü əldə etmiş ölkəyik” tezisi təsadüfi ifadə deyil. Bu, həm Ermənistana, həm də beynəlxalq vasitəçilərə ünvanlanan siyasi mövqedir. Rəsmi Bakı üçün sülh sazişinin imzalanması texniki və hüquqi mərhələdir, əsas məsələ isə faktiki reallığın artıq dəyişməsidir. Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan qalxmadan formal sülh sənədinin imzalanmayacağı isə bu prosesin yeganə qırmızı xətti kimi təqdim olunur.
Texnologiya və süni intellekt sahəsində “Oracle” şirkətinin rəhbərliyi ilə görüş də Münhen səfərinin başqa bir ölçüsünü göstərdi. Azərbaycan özünü təkcə regional güc kimi deyil, eyni zamanda qlobal texnoloji transformasiyanın bir hissəsi kimi mövqeləndirməyə çalışır. Bu da onu göstərir ki, təhlükəsizlik və münaqişə gündəliyi ilə yanaşı, Bakı gələcək onilliklərin iqtisadi və texnoloji prioritetlərini də paralel şəkildə qurur.
Nəticə etibarilə, Prezidentin Münhen səfəri bir neçə paralel mesajın üst-üstə düşdüyü siyasi platforma oldu. Bir tərəfdən separatçılarla bağlı prinsipial və dəyişməz mövqe nümayiş etdirildi, digər tərəfdən sülh, regional əməkdaşlıq və qlobal tərəfdaşlıq gündəliyi ardıcıl şəkildə təqdim olundu. Bu səfər göstərdi ki, Azərbaycan artıq izah edən, müdafiə olunan tərəf deyil, mövqeyini açıq şəkildə diktə edən və bu mövqeyi beynəlxalq auditoriyaya rahatlıqla izah edə bilən aktordur. Bu da postmünaqişə dövrünün ən mühüm siyasi reallığıdır.
Züriyə Qarayeva
Bakı 




