• Bakı 15° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Rezidenturaya qəbulun nəticələri açıqlandı

CƏMİYYƏT

05 May 2025 | 16:36

Rezidenturaya qəbulun nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün 4 may 2025-ci il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini  elan edib.

DİM-dən Bakıvaxtı.az-a verilən məlumata görə, imtahanda iştirakı nəzərdə tutulan 1448 namizəddən 34 nəfəri imtahana gəlməyib.

387 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

Müsabiqə şərtini ödəyənlərdən 193 nəfər 4 və ya 5-ci kurs tələbələridir.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

Mayın 4-də keçirilən imtahanda 72 nəfər bu ilin, 122 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 194 namizəd ikinci mərhələyə buraxılıb.

Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 654 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 6 may saat 10:00-dan 7 may saat 17:00-dək müraciət edə bilərlər.

Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyunun 29-də keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat 4–12 iyun 2025-ci il tarixlərində DİM-in saytında internet vasitəsilə aparılacaq.

Qeyd 2. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 10-da keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.

Hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.


SON XƏBƏRLƏR