• Bakı 21° C

    14.92 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Rusdilli məktəblər: təhsil, yoxsa təhlükə? - Əkbər Qoşalı yazır
YAZARLAR
03 Iyul 2025 | 12:43

Rusdilli məktəblər: təhsil, yoxsa təhlükə? - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Dil - ürəkdən gələn nəğmə kimidir: ecazlı, özgü ahəngli, elə ürəyimizin ritmini daşıyan bir mənəvi varlıq, ruhi gücdür. O, bir ulusun mədəniyyəti, tarixidir. Bəs biz balalarımıza hansı dili sevdirmək istəyirik?

Sovet dönəmində rus dili imperiya siyasətinin alətinə - çəkicinə-orağına və arağına çevrildi. Təhsil dedik – rusca oxumağı, yazmağı öyrəndik, amma milli ruhda xroniki bir boşluq, təbii bir həsrət yarandı.

İndi Azərbaycanda rusdilli məktəb sayı Gürcüstan və Ermənistandakı birgə saydan qat-qat artıqdır. Hətta, GUAM üzvlərinin digər üçündəkindən də çoxdur – bu isə heç də az rəqəm deyil. Niyə belə olmalıdır axı, niyə? Dünən - oldu, bitdi, getdi bəs bu gün 300 rusdilli məktəb bizim büdcəmizə yük deyilmi? - Yükdür, yükdür, yükdür! Yəni yalnız imkan yox, milli gələcək barədə düşünmək durumundayıq.

Balalarımız öz doğma dilimizdə 

- düşünməli, 

- oxumalı, öyrənməli,

- yazmalıdır.

Rus dili də öyrənilsin - necə ingiliscə, ispanca, almanca, ərəbcə və başqa yabançı dillər öyrənilir - o kimi. - Yəni öz funksiyasını aşmasın:

elmdə,

texnologiyada, 

uluslararası bağlarda 

gərəkliliyi qədərincə öyrədilsin, öyrənilsin. Başqa dili öyrənək, əlbəttə - ancaq öz dilimizin yerinə, göyünə və ruhuna zərbə vurmadan!

Rusdilli məktəb - şərt deyil, əşhədü-ehtiyac deyil, sadəcə, gərək olduğu yerdə və qədərində bir seçim ola bilər. O seçim düşünülmüş, milli strategiyaya, gələcəyin vicdanına bağlı olmalıdır. Əks halda biz tarixdə olmayan bir “ikinci dərinlik”də – kimlik itkisində boğula bilərik. Boğulmağa məhkum deyilik! Bizim məhkumluğumuz varsa, o da Böyük Gələcəyədir! - Bu isə məhkumluqdan daha çox talibliyi, üfüqü bildirir. Bu bildirim ortaq türk keçmişindən ortaq türk gələcəyinə aparan yolu da ifadə edir…

Dövlətimiz, dövlət dilimiz zaval görməsin!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR