Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi Xameneyi və Putin üçün ortaq rahatsızlıq mövzusuna çevrilib.
Arlanmasam deyərəm, Paşinyan onlardan daha realist, daha qabiliyyətlidir - gerçəkliyi, həqiqəti anlayır və qəbul edir. - Belə bir təsbit, geosiyasi duruma dair sərt və polemik yanaşma təsiri bağışlasa da, əslində, gerçəklərə söykənir.
Kreml (Кремль) və Beyt-e Rəhbəri (بیت رهبری) – hər ikisi, müxtəlif formalarda olsa da, Güney Qafqazda mövcudluğunu qorumağa çalışan, Azərbaycanla bağlı “nəzarətli sabitsizlik” strategiyasına üstünlük verən güclərdir. Azərbaycan onların cəhdlərini sarsıdan bir dövlət modeli göstərir – siyasi iradə, milli həmrəylik və uluslararası hüquqa əsaslanan mövqe ilə!. Bu da Moskva və Tehrandakı dairələrin xoşuna gəlmir.
– Çün bölgədə baş tutmuş əsalətli dövlət modeli onların ideoloji, geosiyasi və təhlükəsizlik arxitekturasını təhdid edir. Sanki bütün münasibət və münasibətsizlikləri ilə belə deyirlər: “biz necəyiksə, siz də elə olun! Siz axı niyə Qarabağı azad etdiniz”?..
Kreml Azərbaycanın digər GUAM üzvləri (Gürcüstan, Moldova, Ukrayna) kimi - öz ərazisinə dövlət nəzarətini bərpa edə bilməmiş durumda qalmasında maraqlıydısa, Beyt-e Rəhbəri ümumiyyətcə Müstəqil Azərbaycan görmək istəmirdi.
Belə olunca, Paşinyan onlardan daha qabiliyyətli – gerçəkliyi anlayan və qəbul etmiş olmurmu? - Cümlənin ironik, həm də tənqidi yüklülüyü bir yana qalsın, (bütün zəifliklərinə baxmayaraq) Paşinyanın Dəmir Yumruqla formalaşmış yeni gerçəkliyi idrakı və buna uyğun davranmağa çalışması bir realist vurğusunu haqq edir. Xameneyi ilə Putin isə hələ də postsovet və postimperial fantaziyalar içindədir. Paşinyan heç olmasa, illüziyalara son verməsiylə Köçəryan və Sarkisyandan da, Xameneyi və Putindən də fərqlənir... Həncəri deyərlər, Paşinyan qədər olmadılar…)
Dövlətimiz zaval görməsin!
Bakıvaxtı.az