• Bakı 23° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Rusiya da, Ukrayna da danışıqlara simvolik olaraq qatılır - AÇIQLAMA

DÜNYA

03 Iyun 2025 | 13:41

Rusiya da, Ukrayna da danışıqlara simvolik olaraq qatılır - AÇIQLAMA

“İstanbul platformasında əsas hədəf Rusiya və Ukrayna görüşlərinə nail olmaq idi”.

Bunu politoloq Turab Rzayev İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüşü Bakıvaxtı.az-a şərh edərkən deyib.

Ekspert vurğulayıb ki, Rusiya və Ukrayna rəhbərliyi İstanbulda görüşməli idilər. Onun sözlərinə görə, ancaq böyük ehtimal, Ukraynanın son əməliyyatından, ümumiyyətlə hərbi əməliyyatların davam etməsindən sonra görüşlərdə problemlər yaranacaq:

“Budəfəki İstanbul görüşü də alınmaya bilərdi, Moskva görüşdən imtina edə bilərdi. Düzdür, Rusiya indiki halda emosional davranaraq Ukraynaya ağır cavab verməyəcək və görüşlərə qatılmağa davam edəcək. Amma Rusiyanın şərtləri daha da ağırlaşacaq, daha çox tələbi gündəmə gətirməklə qarşı tərəfin, yəni Ukraynanın görüşdən imtinasına çalışacaq. Bunu Rusiya ötən dəfə etmişdi”.

Turab Rzayev: Tərəflərdən heç birinin görüşlərdən ciddi nəticə gözləntisi yoxdur

Müsahibimiz hesab edir ki, bir müddət sonra Rusiya Ukraynanın hücumuna adekvat cavab barəsində düşünəcək. Ən azından Ukrayna şəhərlərini bombalamağa davam edəcək. Dediyinə görə, lakin Rusiyanın nüvə silahından istifadə etməsi "qırmızı xətti" keçmək olar və bütün dünyanı onun əleyhinə yönəldər. Başqa silahlarını işə salsa, ən sonuncu müdafiə silahlarının texnologiyasının Qərb tərəfindən izlənməsinə şərait yaradacaq, onlara material verəcək.

T.Rzayev əlavə edib ki, xarici kəşfiyyat olmadan Ukraynanın Rusiyanın dərinliklərində hərbi əməliyyat icra etməsi qeyri-mümkündür:

"Düşünürəm ki, burada Böyük Britaniya kəşfiyyatı Kiyevə yardımçı olub. ABŞ kəşfiyyatından dəstək istənilib. Ən azından ABŞ kəşfiyyatının kosmik sistemindən yararlanılıb. Nəticədə Rusiyanın strateji aviasiyası məhv edilib. Bu, ciddi zərərdir. Əgər Rusiya buna cavab verməzsə, nüvə çəkindiriciliyini itirə bilər. O baxımdan hər iki tərəf - həm Rusiya, həm də Ukrayna -İstanbuldakı görüşlərə simvolik olaraq qatılırlar. İki tərəfin də ciddi nəticə gözləntisi yoxdur".

Qeyd edək ki, İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqlar 1 saat 15 dəqiqə davam edib. İstanbul görüşündə Rusiya atəşkəsə və liderlərin görüşünə razı olmayıb.

Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib ki, yalnız məhbusların mübadiləsi barədə razılığa gəlmək mümkün olub. Həmçinin, tərəflər “6000-in 6000-ə” formatında hərbi qulluqçuların meyitlərinin mübadiləsinə dair razılığa gəliblər. Ukrayna və Rusiya ağır yaralı və yaşı 25-dən aşağı olan əsirlərin dəyişdirilməsini də razılaşdırıb.

Nazir bildirib ki, ölkəsi Rusiya tərəfinə 20-30 iyun tarixləri arasında növbəti görüşün keçirilməsini təklif edib. Umerov əlavə edib ki, Rusiyadan münaqişənin sülh yolu ilə həlli üzrə memorandum layihəsini alıblar. O qeyd edib ki, Ukrayna tərəfinin sənədlə tanışlığı üçün bir həftə vaxtı olacaq.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı sənədlər mübadiləsi aparıb və hərbi əsirlərin azad edilməsi üçün yeni mərhələyə hazırlıq barədə razılığa gəliblər. Zelenskinin sözlərinə görə, tərəflər arasında sənədlərin mübadiləsi Türkiyənin vasitəçiliyi ilə baş tutub. Rusiya Prezidentinin köməkçisi, İstanbulda Ukrayna ilə danışıqlarda iştirak edən nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski bildirib ki, Rusiya Ukraynaya cəbhənin müəyyən hissələrində iki-üç günlük “konkret atəşkəs” təklif edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

04 Iyun 2025