Saatlı Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan körpənin ölümünə görə şöbə müdiri məsuliyyətə cəlb edilib.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə 2023-cü ilin iyul ayında baş verib.
İstintaq materialları və məhkəmə-tibbi ekspertiza rəyləri doğumu həyata keçirlən həkimin zəruri tibbi protokollara əməl etmədiyini və səhlənkarlığa yol verdiyini sübut edib.
Məlumata görə, 2003-cü il təvəllüdlü ana xəstəxanaya qəbul edilərkən qan analizi, kardiotokoqrafiya, ultrasəs müayinəsi və digər vacib prosedurlar aparılmayıb.
Hamilənin qan azlığından (anemiya) əziyyət çəkdiyi sonradan üzə çıxsa da, bu fakt klinik diaqnozda öz əksini tapmayıb. Doğuş zamanı dölün ürək döyüntüləri və vəziyyəti nəzarətdə saxlanılmayıb, hipoksiya əlamətləri qiymətləndirilməyib.
Ekspertiza rəylərinə əsasən, belə şəraitdə təcili “Qeysəriyyə kəsiyi” əməliyyatına ehtiyac ola bilərdi. Lakin həkimlər bunu nəzərə almayaraq ananı birbaşa fizioloji doğuşa buraxıblar. Körpə doğulduqdan sonra oksigen çatışmazlığından - hipoksiya və asfiksiyadan əziyyət çəkib. Onun həyatını xilas etmək üçün lazımi reanimasiya tədbirləri vaxtında və tam aparılmayıb.
Yenidoğulmuş daha sonra Sabirabad Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilsə də, burada da müalicə adekvat olmayıb. Təxliyyə qaydalarının pozulduğu, yalnız tibb bacısının müşayiəti ilə aparıldığı, müvafiq sənədlərin tərtib edilmədiyi müəyyən edilib. Sabirabad xəstəxanasında neonatoloqların və kardioloqun müayinələri də protokollara uyğun aparılmayıb, diaqnoz düzgün əsaslandırılmayıb.
Ekspertiza nəticələrinə görə, yenidoğulmuşun ölümünə səbəb bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi fonunda yaranmış kəskin ağciyər-ürək çatışmazlığı olub. Mütəxəssislər bildiriblər ki, vaxtında və düzgün tibbi tədbirlər görülsəydi, körpənin həyatını xilas etmək mümkün olardı.
Qərarda qeyd olunub ki, Səhiyyə Nazirliyinin “Normal doğuş”, “Qeysəriyyə kəsiyi” və “Neonatal xidmət”lə bağlı təlimatlarının tələbləri pozulub. Tibbi xidmətin qeyri-adekvat təşkili səbəbindən həm ana, həm də körpə üçün həyati risklər yaranıb.
Məhkəmə qərarında həkim mama-ginekoloq əsas məsul şəxs kimi göstərilib. Qərara əsasən Saatlı Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində işləmiş həkim 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona elektron qolbaq taxılıb.
Həmçinin, əlavə olaraq 1 il müddətinə dövlət və özəl tibb müəssisələrində rəhbər vəzifə tutmaq və mama-ginekoloq kimi fəaliyyət göstərmək hüququndan məhrum edilib. Məhkəmə həmçinin zərərçəkmiş ailənin 5000 manatlıq mülki iddiasını təmin etməyib.