• Bakı 14° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Şagird məktəbə telefon apara bilər?

CƏMİYYƏT

27 Yanvar 2022 | 15:10

Şagird məktəbə telefon apara bilər?

Bəzi valideynlər övladları ilə istədikləri vaxt ələqə yarada bilmək üçün onların məktəbə telefon aparmalı olduğunu düşünür. Lakin telefonların uşaqların diqqətini yayındırdığını nəzərə alsaq, mübahisəli məsələ yaranır.

Şagirdlərin məktəbə telefon aparmasına Təhsil Nazirliyi tərəfindən qadağa qoyulmasa da, dərs zamanı istifadəsi qadağandır. Bu barədə təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a bildirib ki, orta məktəblərdə mobil telefon istifadəsinin qadağan olunması məqsədəuyğundur: “İlk növbədə qeyd edim ki, ölkəmizin təhsil müəssisələri elektron resurslardan istifadəyə görə dünyanın bir sıra aparıcı ölkələri ilə müqayisədə geridə qalır. Hər bir orta məktəb şagirdi tədris ilində minimum 11 fənn oxuyur, onların kitablarını əldə edir. Halbuki sosial şəbəkələrdə qeydiyyatdan keçən şagirdlərin sayı faydalı elektron resurslardan, dərsliklərdən istifadə edənlərdən qat-qat çoxdur. Ona görə, orta ümumtəhsil müəssisələrində yaşanan bəzi xoşagəlməz hadisələr də telefonun gətirdiyi nəticələrdir. Bütün bunları nəzərə alaraq, orta məktəblərdə mobil telefon istifadəsinin qadağan olunması məqsədəuyğundur”.

Ekspertin sözlərinə görə, əlbəttə ki, orta məktəb şagirdinə mobil telefon yalnız valideynləri ilə əlaqə saxlamaq üçün vacibdir. Yəni şagird məktəbə daxil olması, məktəbdən çıxması barədə valideyininə operativ məlumat verir: “Amma bunun üçün təklif edirəm ki, orta məktəblərin girişində turniketlər quraşdırılsın. Əl izi, yaxud hansısa vasitə ilə şagirdlərin məktəbə daxil olması həyata keçirilsə, valideynlər də bundan xəbərdar olar”.

K.Əsədov qeyd edib ki, həmçinin məktəblərin girişində böyük şkaflar yerləşdirib, hər bir şagirdə nömrə vermək, dərs vaxtı elektron vasitələrini, mobil telefonlarını orada saxlamağa şərait yaratmaq olar: “Qanunvericilik aktlarına uyğun olaraq deyə bilərəm ki, məktəbin daxili nizam-intizamının təmin olunmasına birbaşa məsuliyyət daşıyan məktəb rəhbərliyi şagirdlərin məktəbdə telefondan istifadəsi məsələsinin tənzimlənməsi ilə bağlı bu və ya digər qərarı verməkdə müstəqildir. Qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, yalnız araşdırma və hər hansı müvafiq tədqiqat aparmaq məqsədilə mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər”. Müsahibimiz deyir ki, elektron vasitələr, mobil telefonlar şagirdlərin dərsə diqqətinin yayınmasına gətirib çıxarır. Ona görə, hətta müəllimlərin belə mobil telefonla dərsə daxil olmasını məhdudlaşdırmaq lazımdır: “Çünki dərs zamanı müəllimə zəng gəlir, o bayıra çıxdıqda dərsin gedişatı pozulur”.

Onun sözlərinə görə, ümumiyyətlə, tədris prosesinin gedişatını pozan vasitələrin orta məktəblərdə səmərəsiz istifadəsinə yol verməmək lazımdır. Amma elektron lövhələr, dərs izah etmək üçün istifadə edilən cihazlar, tədris prosesində faydalı məlumatlar almaq üçün işlədilən vasitələr məktəblərdə ola bilər: “Sadəcə, elektron dərsliklər istifadə olunmadığına görə, orta məktəblərdə mobil telefon qadağasını gündəmə gətirmək doğru olar. Dünya ölkələrində də bundan istifadə olunur. Belə ki, Fransa parlamenti ölkədə cari tədris ilində 15 yaşından aşağı olan şagirdlərə məktəb ərazisində telefondan istifadəni qadağan edib. Fransa ilə yanaşı Avropanın 4 dövləti və ABŞ-ın 13 ştatında məktəb ərazisində telefondan istifadə qadağan edilib. Hesab edirəm ki, ölkəmizdə belə bir qadağanın tətbiq olunması yalnız təhsilin keyfiyyətinə müsbət təsir edə bilər. Hesab edirəm ki, orta ümumtəhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təhsilin keyfiyyətinə kömək edəcək. Təkcə şagirdlərin deyil, məktəb daxilində müəllimlərin də bundan istifadəsinə məhdudiyyət qoymaq lazımdır. Çünki dərsin gedişində müəllimə zəng gəlir və dərs pozulur, keyfiyyət aşağı düşür”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR