Xəbər verdiyimiz kimi, sentyabrın 25-də Xocalı şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti danışıqları başlayıb.
Bakıvaxtı.az xatırladır ki, ilk görüş sentyabrın 21-də Yevlaxda keçirilib. Vurğulanıb ki, Qarabağın erməni sakinlərinə reinteqrasiya üzrə planlar təqdim edilib. Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.
Təmaslardan sonra Bakıdan humanitar yardımlar, yanacaq Xankəndinə göndərilib. Artıq bölgəyə elektrik enerjisi də verilir.
Əlavə olaraq Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Bakı silahlarını təhvil verən Qarabağ sakinləri üçün amnistiya imkanlarını nəzərdən keçirir: “Keçmiş döyüşçülərə münasibətdə belə, əgər onları bu şəkildə təsnif etmək olarsa, biz amnistiya ehtimalını nəzərdən keçiririk. Bakı silahlarını təhvil verən “Qarabağ silahlı birləşmələri”nin üzvlərinə ölkəni tərk etməyə icazə verəcək. Hazırda isə biz görürük ki, bəzi ayrı-ayrı qruplar və zabitlər bizim şərtlərimizi qəbul etməyəcəkləri və müqavimət göstərməkdə davam edəcəkləri barədə açıq bəyanatlar verirlər”.
Millət vəkili Azər Badamov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan ordusu 24 saata yaxın bir zaman kəsiyində Xankəndidəki şeytan yuvasını dağıdaraq separatçıları ağ bayraq qaldımalarına məcbur etdi.
Deputatın sözlərinə görə, artıq bütün ərazilərimizdə suverenlik təmin olunmaqdadır: "Anti-terror tədbirlərinin davamı olaraq uzun illər düşmənçilik ideyaları ilə beyinləri zəhərlənmiş insanların dinc yolla sosial-iqtisadi reinteqrasiyası həyata keçirilməlidir. Təbii ki, bu, çətin və zaman aparacaq bir prosesdir. Amma bu prosesin geriyə yolu və alternativi yoxdur”.
A.Badamov vurğulayıb ki, ərazilərimizdə yaşamaq istəyən bütün ermənilər qanunlarımıza tabe olmalıdırlar: “Reinteqrasiya ilə bağlı yol xəritəsi hazırdır və Qarabağ ermənilərinə təqdim olunub. Düzdür, bəzi ünsürlər tabe olmaq istəmirlər. Onlar üçün də silahı yerə qoyub ərazilərimizi tərk etmək təklifi olunur. Əgər silahları yerə qoymaq istəməsələr və müqavimət göstərməyə davam etsələr, qanun çərçivəsində tədbir görüləcək. Cinayətə təşəbbüs maddələri ilə həbs olunacaqlar. Silahlı müqavimət olarsa, yerindəcə məhv ediləcəklər”.
Müsahibimiz hesab edir ki, zaman keçdikcə hər şey yoluna düşəcək. Bu gün silahı yerə qoymayacaqlarını deyənlər silahlarını digərlərindən öncə təhvil verərək ərazilərimizi tərk etmək üçün xahiş edəcəklər: “Çünki separatçılar Azərbaycan Ordusunun gücünü və bacarığını yaxşı bilirlər. Ümumən, düşünürəm ki, reinteqrasiya prosesi normal gedəcək və yenidən silah işlədilməsinə ehtiyac qalmayacaq".
Aydın Baxış