• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Şeyx Əbdül: "Nə yeyiblərsə, itaparan olsun. Kinonu rahat buraxsınlar”

MƏDƏNİYYƏT

04 Mart 2024 | 15:07

Şeyx Əbdül: "Nə yeyiblərsə, itaparan olsun. Kinonu rahat buraxsınlar”

Xəbər verdiyimiz kimi, martın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı keçiriləcək. Konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxildir.

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov konfransla bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, ilk dəfə AKİ və ARKİ-nin birləşdirilməsi fikrini o irəli sürüb:

“Rasim Balayev və Şəfiqə Məmmədova birləşmək istəmirdilər. Yeddi ay onlarla mübarizə apardıqdan sonra buna nail oldum. İndi kinomuzu onlardan xilas edirəm. Sabah bir yerə yığılacağıq, kinomuza yarayacaq kino xadimini ittifaqımıza rəhbər seçəcəyik. Çox güman ki, müxtəlif təkliflər olacaq. Kino qocalar evi və kiminsə şəxsi biznesi deyil, böyük mədəniyyətimiz, tariximizdir. Kino bizə çörəkverəndir. Adam çörəkverəninə xəyanət etməz. Amma illərdir xəyanət edirlər. Artıq gəlib divara dirənmişik. Azərbaycanın bir dənə kinostudiyası var, o da Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasıdır. O kənarda boğula-boğula qalıb. Hərə özü üçün dövlət büdcəsindən kino adına bir dənə geydirmə təşkilat yaradıb. Özü üçün pul qazanıb kef edir. Amma artıq o dövrlər keçib getdi”.

Şeyx Əbdül birləşmiş ittifaqın sədrliyinə namizədliyi irəli sürülən Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədovadan da söz açıb:

“Mən də daxil olmaqla namizədliyi irəli sürülən şəxslər artıq Əzrailini gözləyən kadrlarıq. Kino təşkilati, bacarıq, vətənpərvərlik, əxlaq tələb edən ağır bir sahədir. Kino kollektiv sənətdir. Kollektivin başında da rejissor durur. Operator da, aktyor da, rəssam da - hamısı rejissordan asılıdır. Bütün bunları bilən şəxs rejissordur. Bunlar özlərindən nəsə düzəltməyə çalışırlar. Birinin 90, birinin 80 yaşı var. Allah ömür versin özləri üçün yaşasınlar. Təki bir-birinə düşmən olmasınlar.

50 illik dostum Rasim Balayev, ailəvi dostum Şəfiqə Məmmədova mən “birləşin” dedikdən sonra mənə düşmən olublar. Artıq özbaşınalıq hansı həddə gəlib çıxıb ki, kinostudiyanın içindən xəbəri olmayan, kinoya aiddiyatı olmayan, 40 il öncə teatrdan çıxıb gedən, yeddi ildir qeyri-legitim fəaliyyət göstərən nizamnamə qanunlarına əməl etməyən Şəfiqə Məmmədova orda-burda danışır ki, Şeyx mənə çox sağ ol desin, ona Xalq artisti adını verdirmişəm. Təsəvvür edirsiniz bu, nə deməkdir? Şeyx ömrünün 65 ilini kinoya xidmətə sərf edib. Əgər mənə Xalq artisti adını Şəfiqə xanım verdiribsə, sabah mən rəsmi şəkildə bu addan imtina edəcəm. Onun verdiyi ad mənə lazım deyil. Həyasızlıq kinomuzun evini artıq bu dərəcədə yıxıb. Bunlar özlərinə vəzifə istəyirlər,  kino da qalıb bir tərəfdə. Kino ilə nəfəs alanlar isə dilənçi vəziyyətdədir”.

Müsahibimiz sabahkı konfransda kinoya çəkilən heç bir artistə dövlət adının verilməməsini təklf edəcəyini bildirib:

“Aktyordu, işi odur çəkilir. Dövlət niyə ona ad verməlidir? Ad verilir, sonra da onlar bizə “xozeynlik” edir. Belə şey olmaz. Qələt eləmədik ki, bunları iki dənə kinoya çəkdik. İndi əl çəkmirlər. İcazə verin kinomuzun gələcəyini quraq. Bu nə kreslo xəstəliyidir?”.

Xalq artisti sabahkı iclasda irəli sürəcəyi digər təkliflərdən danışıb:

“Sabah kino cameəmiz özünə kinoya xidmət edəcək şəxsi sədr seçəcək. Orada 300-ə yaxın adam iştirak edəcək. Bır az qarşıdurmadan qorxuram. Çünki bizdə kimi hara təyin edirsənsə, orda hakimi-mütləq olur. Buna baxmayaraq, sabah Nizamnamə hazır olacaq və mən də bir-iki təklif verəcəm.

Əvvəla istərdim ki, tam müstəqil İdarə Heyətinə, sədrə təsir edəcək 7-9 nəfərdən ibarət Ağsaqqallar Şurası və ya Məsləhət Şurası yaradılsın. Bura kino xadimləri, ağsaqqallar, milli ruhlu adamlar daxil olsunlar. Onlar sədrə və İdarə Heyətinə nəzarət etsin. Bunların vəzifə xəstəliyinin bəlkə bu yolla qarşısını aldıq”.

O, aktyorlardansa rejissorlardan kiminsə birləşmiş ittifaqa sədr seçilməyini məqbul hesab edir:

“Hansısa artistdənsə yaşlı bir rejissorun sədr seçilməyini istəyirəm. Artistlərdən bizə xeyir gəlməyib. Bu, kinoya təhqirdir. Dünyanın hər yerində kino sədri rejissor olub. Artistin heç bir ixtiyarı yoxdur sədr seçilməyə. İllərdir özünüz üçün kef etdiniz artıq bəsdir. İndi imkan yaranıb icazə verin işimizi görək.

O boyda sanballı şəxslər qalıb kənarda iki artist düşüb ortaya ki, biz sədr olacağıq. Sadəcə gülməlidir. Sabah ilk olaraq bu işlə məşğul olan dövlət strukturlarını tənqid edəcəm. Sizin məqsədiniz nədir? Əgər Rasim Balayevə vəzifə verəcəksinizə, çağırın verin. Burada söhbət kinonun bərpasından gedir. Rasim Balayevin kinoya nə aiddiyyatı var?! Şəfiqənin isə ümumiyyətlə, aiddiyyatı yoxdur. Şəfiqə yeddi ildir kal armud kimi ilişib qalıb kino ağacında. Kinonun hesabına kef edir. Hər halda nə yeyiblərsə, itaparan olsun. Bundan sonra kinonu rahat buraxsınlar”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026