Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları daha iki daimi müşahidə məntəqəsini bağlayıb.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, gün ərzində iki müşahidə məntəqəsi bağlanıb.
Xatırladaq ki, Rusiya sülhməramlıları oktyabrın 6-da 3, 7-də daha bir müşahidə məntəqəsini bağlayıblar.
2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
Ermənistan Azərbaycanın ərazi bötüvlüyünü tanıdığını və Rusiya sülhməramlıları ilə bağlı məsələnin bu ölkənin daxili işi olduğunu deyir. Belə olan halda, Rusiya sülhməramlılarının nəinki 2025-ci ildə, vaxtından tez Qarabağı tərk edəcəyini demək olarmı?
Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakıvaxtı.az-a bildirib ki, İkinci Qarabağ müharibəsinə son qoyan, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatının müvafiq bəndinin icrasının müddətini gözləmək lazımdır.

"Hazırkı mərhələdə biz əsas diqqətimiz Rusiyanın bölgədən çıxarılmasına və Rusiyaya qarşı yönəlməli deyil. Bu gün bizim məqsədimiz ərazilərimizi işğaldan azad etməklə qazandığımız qələbəmizi möhkəmləndirmək və ölkəmizə qarşı təhdidlərin qarşısını almaqdır. Rusiya sülhməramlıları ilə bağlı məsələlərin cəmiyyətdə geniş müzakirəyə çıxarılmasının tərəfdarı deyiləm.
Hesab edirəm ki, bu məsələ ilə bağlı Azərbaycanın qəti mövqeyi var. Zamanı gələndə Azərbaycan bu məsələni həll edəcək. Mürəkkəb dövrdə bu məsələni qaldırmağın tərəfdarı deyiləm. Münasibətlərə xələl gətirməli deyilik. Üçtərəfli bəyanat var müvafiq bəndi var və orda müddət göstərilib. Vaxtı gələndə sülhməramlılar burdan çıxacaq. Bizim əsas işimiz işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi olmalıdır. Böyük məsələlərə diqqətimizi artırmalıyıq", -deyə deputat C.Məmmədov bildirib.
Ramid İbrahmimov
















