Telefonların bizi dinləyib-dinləməməsi uzun müddətdir ki, insanlar arasında müzakirə mövzusudur. Üz-üzə edilən söhbətlərdə müzakirə olunan məhsulların çox keçmədən telefonda qarşımıza reklam olaraq çıxması əksəriyyəti narahat edir.
Maraqlıdır, həqiqətəndəmi smartfonlarımız bizi dinləyir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Bəhruz Əliyev bildirib ki, “Cox Media Group (CMG)” reklam firmasının hesabatlarının üzə çıxarılması telefonların dinlənilməsi ilə bağlı iddiaları gündəmə gətirib. Belə ki, ağıllı cihazların mikrofonu üzərindən dinləmə texnologiyası ilə reklam hədəflərinin dəqiqləşdirilməsi iddia edilib:
“Bundan əlavə, hesabatlarda deyilir ki, “Cox Media Group” müştəriləri arasında; "Google", "Facebook", "Microsoft", "Amazon" kimi dünya nəhənglərinin olduğu da qeyd edilib. Hesabatlar yayıldıqdan sonra "Google" CMG ilə əlaqələrini kəsdiyi barədə yazıb”.
B.Əliyevin sözlərinə görə, 404 Media, "Google", "Facebook", "Microsoft" və "Amazon" kimi şirkətlərlə əməkdaşlıq edən rəqəmsal marketinq nəhəngi "Cox Media Group"dan gəldiyi iddia edilən hesabatları üzə çıxarıb.

Bəhruz Əliyev: CMGistifadəçilərin smartfon mikrofonlarının dinlənildiyini etiraf edib
Ekspert qeyd edib ki, rəqəmsal marketinq nəhənginin ağıllı cihazların dinləmə texnologiyası ilə reklam hədəflənməsini təkmilləşdirdiyi iddia edilib ki, "404 Media"nın "Google", "Facebook", "Microsoft" və "Amazon" kimi şirkətlərlə ortaqlıq qurduğunu iddia etməsindən sonra "Google"un "CMG" ilə əlaqələrini kəsdiyi bildirilib.
Müsahibimizin bildirdiyinə görə, "Facebook" və "Google"un da müştərisi olduğu deyilən “Cox Media Group (CMG)” adlı marketinq şirkəti, əldə etdiyi məlumatlara əsasən, istifadəçilərin smartfon mikrofonlarının dinlənildiyini və ona uyğun reklam yerləşdirildiyini etiraf edib:
“Cox Media Group (CMG)” investorlara təqdimat zamanı “Aktiv Dinləmə” proqram təminatının, danışıqları dinləyərək, real vaxt rejimində sizin niyyətinizi anlayan süni intellekt olduğunu qəbul edib. Bu hadisədən sonra "Meta” şirkəti bildirib ki, reklam üçün telefonunuzun mikrofonundan istifadə etmirik”.
Alternativ fikirlərin də səsləndiyini deyən B.Əliyev bu fikirlərdən birinin telefonların və cihazların bizi dinləməsinin qanuni olması ilə bağlı fikir olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, bu, ona görə qanuni sayılır ki, “dinləmə” məsələsi tez-tez yeni proqram yükləməsi və ya yeniləməsi zamanı istehlakçılara çox səhifəli şərtlər göndərdikdə daxil edilir, kiçik hərflərlə yazılır və bir çox şəxs diqqət etmir:
“Reallıqda isə, "Google" hesabımıza bir nəzər salaq. Müvafiq pəncərədən hər bir kəs baxa bilər ki, google bizim brouzer tarixçəmizdən, səs və audio fəaliyyətdən istifadəni açıq vəya bağlı saxlamağımızı bizim öhdəliyimizə verir və qeyd edir ki, sizə xəritə, axtarış və digər "Google" xidmətlərində daha sürətli axtarışlar, daha yaxşı tövsiyələr və daha yaxşı fərdiləşdirilmiş təcrübələr təqdim etmək üçün "Google" saytları və tətbiqlərindəki fəaliyyətinizi, o cümlədən məkan kimi əlaqəli məlumatlarınızı saxlayır.
İstəməyənlər isə bu xidməti söndürə bilər”.

Mina Mikayılova
















