Havalar isindikcə insanlar antitranspirantlardan daha çox istifadə edir. Amma əksəriyyət bunun zərərlərinin fərqində belə deyil. Xüsusən də, qoltuq altından yaranan tər qoxusuna qarşı istifadə olunan antitranspirantlar daha zərərlidir.
Daxili Xəstəliklər Uzmanı Dr.Həbib Sahratov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qoltuq altından gələn pis qoxunun qarşısını almaq üçün istifadə olunan antitranspirantlar sprey, gel və s. fərqli formalarda olur. Onun sözlərinə görə, bəzi insanlar çox tərlədiyi üçün yalnız yay aylarında yox, bütün il boyu istifadə edirlər: “Bu vasitələr qoltuq altında olan mikrobları təmizləmək üçün önəmlidir. Bir çoxunun tərkibində spirt də olur. Lakin unutmaq olmaz ki, faydaları olsa belə, bunlar kimyəvi maddədirlər”.
Dediyinə görə, tərkiblərində istifadə olunan bəzi kimyəvi maddələrdə alüminium birləşmələri var ki, bu da tər ifrazını kəskin şəkildə azaldır: “Alüminium duzlarının bəzi onkoloji xəstəliklərin yaranmasına təkan verdiyi haqqında çalışmalar, təstiqlənmiş məlumatlar var. Antitranspirantlar ən çox qolaltı nahiyədə istifadə olunduğu üçün dəri xərçəngi, qadınlarda süd vəzi xərçəngi yarada bilər”.
Həkim qeyd edib ki, bu cür maddələrdən uzun müddət mütəmadi istifadə etmək həmin bölgələrdə onkoloji xəstəliklərin yaranması üçün zəmin yarada bilər: “Ümumiyyətlə, bu cür maddələrin uzun müddət orqanizmə daxil olması immun sisteminin zəifləməsinə, bəzi xəstəliklərin yaranmasına təkan verə bilir. Bu səbəbdən, sağlamlıq üçün zərətli vasitələrdən uzun müddət istifadə etmək məqsədəuyğun deyil”.
Müsahibimiz bildirib ki, gündəlik bir neçə dəfə yuyunmaq və nəm əskilərdən istifadə etməklə tər qoxusunun qarşısını almaq olar. “Ümumiləşdirsək, bu vasitələr konsologen tərkibli maddələrdir. Həmin maddələr də orqanizmdə onkoloji xəstəliklərin yaranmasında rol oynayan faktorlardır. Konsologen maddələr bütün növ onkoloji xəstəliklərin yaranmasında bilavasitə iştirak edir”, - deyə Həbib Sahratov vurğulayıb.
Aytac Aslan
















