• Bakı 15° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Tofiq Zülfüqarov: Bu sənəd yekun sülh sazişi adlandırıla bilməz - MÜSAHİBƏ

MÜSAHİBƏ

02 Sentyabr 2024 | 15:10

Tofiq Zülfüqarov: Bu sənəd yekun sülh sazişi adlandırıla bilməz - MÜSAHİBƏ

Bakıvaxtı.az sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibəni təqdim edir.

- Rusiya prezidenti Vladimir Putinin Bakı səfərindən sonra yerli və xarici mediada Azərbaycan-Rusiya yaxınlaşmasına dair şərhlər verildi. Kimi bu yaxınlaşmanın faydasından, kimi də zərərlərindən danışır. Sizcə, bu səfər və sözügedən ölkələr arasındakı münasibətlərin normallaşması nə ilə bağlıdır?

- Rusiya ilə Azərbaycan arasında stabil münasibətlər qurulub. Bu proses çoxdan başlanıb. Azərbaycan öz maraqlarını təmin etmək məqsədilə “Şimal-Cənub” dəhlizi layihəsinin icrası istiqamətində Rusiya ilə birgə səylər göstərir.

Zəngəzur dəhlizinə gəlincə, unutmalı deyilik ki, bu dəhliz və onun tərkib hissəsi olan Naxçıvan dəmir yolunun elə sovetlər dövründə İran dəmir yollarına bağlantısı var idi. “Şimal-Cənub” dəhlizi də bu məqsədlər üçün də istifadə oluna bilər. Rusiyanın bu məsələyə diqqət yetirməsi başa düşüləbiləndir.

- İndiki məqamda Amerika Zəngəzur dəhlizi layihəsinin icrasını dəstəkləyir, yoxsa buna qarşı çıxır?

-ABŞ dəstəkləyir. Hər halda ABŞ-nin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi James O'Brien İrəvanda olarkən öz çıxışında bu barədə danışıb. Biz şahidi oluruq ki, artıq Zəngəzur dəhlizinə dair konsensus mövcuddur. Türkiyə, Azərbaycan, Rusiya, ABŞ və Avropa İttifaqı (Aİ) bu layihəyə ciddi maraq göstərir. Vaxtilə Aİ Ermənistandan keçən və dağıdılmış dəmiryolunun bərpasına bu və ya digər formada maliyyə dəstəyi təklif etmişdi.

- Hansı ölkələr bu layihəyə qarşı çıxır?

- İran və Ermənistan. Əminəm ki, Ermənistan bu məsələdə dəhlizin açılmasını istəyən ölkələrə müqavimət göstərmək iqtidarına deyil. Bu baxımdan məsələnin müsbət həlli qaçılmazdır.

- Artıq Azərbaycan və Ermənistan arasında delimitasiya, demarkasiya prosesi başlanıb...

- Bəli, təxminən 12 km sərhəd delimitasiya və demarkasiya olunaraq, təsdiqlənib. Nəyə görə məhz bu hissə? Çünki sovetlər dövründə bu sərhəd dəyişməyib. Həmin dövrü 1920-cı ildən başlayaraq hesablamalıyıq. Digər bölgələrdə sərhədlər dəyişib. Konstitusiya orqanı olmayan bolşeviklərin partiya orqanları qərarlar veriblər, Azərbaycanın əraziləri qanunsuz olaraq, Ermənistana verilib. Əminəm ki, bu məsələ də gündəmdə olacaq. Delimitasiya və demarkasiya prosesi sovet dövründə olan müxtəlif xəritələrin əsasında aparılacaq.

-Yekun sülhə bağlı çox danışılır. Bu proses yaxındadır, yoxsa hələ gözləməli olacağıq?

-Yekun sülh sazişindən söhbət belə getmir. İndi masanın üzərində olan başqa bir sənəddir. Bu da prinsiplər sazişidir. Gələcək sülh prosesini nizamlayan, tərəflərin dəstəklədiyi bir sənəd qəbul olunmalıdr. Buna imza atılmalıdır. Qısa sənəddir. Onun 13 bəndi razılaşdırılıb, 4 bəndi barədə hələ də razılıq əldə olunmayıb. Bəzən belə fikirlər səsləndilir ki, razılaşdırılan bəndlərə imza atılsın, digərləri sonra müzakirə olunar. Bu, ilkin sənəddir və yekun sülh sazişi adlandırıla bilməz. Delimitasiya, demarkasiya prosesi yekunlaşmadan yükun sülh sazişi mümkün deyil.

- İddialar var ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasını ertələməsinin real səbəbi odur ki, rəsmi İrəvan bu dəhlizin Rusiya FSB-si tərəfindən mühafizə olunmasını istəmir...

-Yolun qorunması və istifadəsi barədə hələ də təmaslar davam etdirilir. Rusiya tələb edir ki, Ermənistan vaxtilə verilmiş qərara əməl etsin. Söhbət 10 noyabr 2020-ci ildə qəbul edilmiş qərardan gedir. Bu, Ermənistanın məsələsidir. Azərbaycan isə tələb edir ki, orada təhlükəsizlik təmin olunsun. Bu məsələnin nə şəkildə öz həllini tapacağını gələcək göstərəcək. Biz məsələni başqa bir formada təklif edə bilərik.

- Hansı formada?

- Zəngəzur vaxtilə Ermənistana qanunsuz verilib və Azərbaycana qatarılmalıdır. Belə olan halda dəhliz söhbəti lazım olmacaq.

Aydın Baxış


SON XƏBƏRLƏR