ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp qarşıdan gələn prezidentlik müddətində şəxsən Pxenyana səfər edə və ya KXDR lideri Kim Çen Inı Vaşinqtona dəvət edə bilər.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu fikri Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton Yaponiya ictimai televiziyasına müsahibəsində bildirib.
"Tramp artıq Şimali Koreya lideri ilə görüşən ilk ABŞ prezidenti olub. Kim Çen In ya Ağ Evə dəvət edilməli, ya da Tramp Pxenyana səfər etməlidir. Düşünürəm ki, Trampın ikinci prezidentlik müddətində bu hadisələrdən biri və ya hər ikisi tamamilə mümkündür", - o qeyd edib.
Eyni zamanda, Bolton ABŞ və KXDR arasında nüvə sazişinin bağlanması mümkünlüyünün "tamamilə fərqli məsələ" olduğunu etiraf edib. "Tramp ötən dəfə Kim Çen Inın tələblərinə razılıq vermədi və fikrimcə, bu addım ABŞ-nin və müttəfiqlərimiz olan Yaponiya və Cənubi Koreyanın maraqları nəzərə alınaraq atılıb", - keçmiş müşavir izah edib.