ABŞ prezidenti Donald Tramp mayın 13-dən Yaxın Şərq turuna başlayacaq. O, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, mayın 16-dək davam edəcək turun əsas məqsədlərindən biri iqtisadi sövdələşmələr bağlamaq və Amerika iqtisadiyyatına investisiya cəlb etmək olacaq. Fələstin-İsrail münaqişəsinin həllinin də müzakirə olunacağı gözlənilir. Bundan əlavə, Tramp dünya neft qiymətlərini müzakirə etməyi planlaşdırır.
Trampın Yaxın Şərq turu nələr vəd edir? Bu tur siyasi və iqtisadi sferada ciddi dəyişikliklərə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfəri kifayət qədər ciddi hadisədir və önəmli nəticələr əldə edilə bilər.
Onun fikrincə, Səudiyyə rəhbərliyinin Trampla çox yaxın münasibətləri var və Trampın Amerika Birləşmiş Ştatlarının maraqlarını Səudiyyə Ərəbistanına qəbul etdirməsi çətin məsələ deyil:
"Bunun örnəyi Trampın birinci prezidentlik dönəmində ABŞ ilə Səudiyyə Ərəbistanı arasında olan silah sazişidir. Diqqətçəkən məqam həm də bunun ABŞ prezidentinin ilk rəsmi xarici səfərinin olmasıdır. Tramp əvvəlki prezidentliyi dönəmində də sələflərindən fərqli olaraq, ilk xarici səfərini Səudiyyə Ərəbistanına etmişdi. Amma əvvəlki liderlər bir qayda olaraq Kanadanı üstün tuturdular. Ona görə də ilk xarici səfərlər həm də verilən mesaj baxımından önəmlidir”.
Müsahibimiz vurğulayıb ki, Tramp üçün öncəlik ABŞ iqtisadiyyatıdır. O, daxili iqtisadi problemləri həll etmək, enerji daşıyıcılarının qiymətlərini aşağı salmaq və inflyasiyanın qarşısını almağa çalışır. Həm seçki kampaniyası zamanı, həm də inaqurasiya mərasimində Tramp bunu açıq şəkildə ifadə edib. Bunun üçün də neft qiymətləri aşağı düşməlidir. Neftin ucuzlaşması üçün isə ABŞ özü neft istehsalını artırmağı və ixrac etməyi hədəfləyir:
“Həmçinin çalışır ki, OPEC neft hasilatını daha da artırsın. Bu baxımdan Səudiyyə Ərəbistanı ABŞ üçün çox önəmli ölkədir. "Saudi Aramco" dünya neft bazarına ciddi təsir imkanlarına malikdir".
Əli Zülfüqaroğlu: Netanyahu hökuməti ABŞ administrasiyası üçün də başağırısına çevrilib, bu onu deməyə əsas verir ki...
Siyasi şərhçi hesab edir ki, ABŞ hökumətinin möhkəmlənməsi və növbəti seçkilərdə uğur qazanması üçün seçki kampaniyası zamanı verilən vədlər yerinə yetirilməlidir. Bunlardan biri də ABŞ-nin müharibələrə girməməməsidir. Bu baxımdan İsrailin aqressiv siyasəti ABŞ-nin maraqlarına qətiyyən cavab vermir.
"İsrailin teokratik rejimi isə dini fanatizm üzərində yürütdüyü siyasət nəticəsində bölgəni fəlakətə sürükləməklə yanaşı, ABŞ-nin də maraqlarına zərbə vurur. Bu baxımdan Netenyahunun ABŞ daxilində sionist lobbinin gücü vasitəsilə Trampa təzyiq cəhdləri var idi və bu nəticə vermədi. İran nüvə silahı əldə etməyəcəyi ilə bağlı razılaşdırıldı və beləliklə də İsrailin Baş naziri Netanyahunun İranın nüvə təhdidi arqumenti əlindən alındı. Yəni İranın bombalanması üçün İsrailin Amerikanı alətə çevirmək planı fiaskoya uğradı. Amma İsrail yenə də ABŞ-ni şantaj siyasətini davam etdirməyə çalışır. Bu, İsrail dövlətinin deyil, Netanyahu başda olmaqla İsrailin teokratik rejiminin gələcək taleyi ilə bağlıdır. Çünki daxildə Netanyahuya qarşı korrupsiya ittihamları var və onunla bağlı Beynalxalq Cinayət Məhkəməsi həbs qərarı verib. Bu da Trampa İsrail hökumətinə qarşı təzyiq kartları verir. Yəni, artıq Netanyahu hökuməti ABŞ administrasiyası üçün də başağırısına çevrilib. Bu da onu deməyə əsas verir ki, Səudiyyə Ərəbistanında həm də bu məsələ müzakirə olunacaq və düşünürəm ki, Tramp ərəb dövlətlərinin də Netanyahuya qarşı təzyiqlərini artırmağa nail olacaq. Bununla da Netanyahunun siyasi taleyi həll ediləcək", - müsahibimiz qeyd edib.
Ə.Zülüfqaroğlu vurğulayıb ki, bütün bu proses Trampın Yaxın Şərq səfərinin kifayət qədər önəm daşıdığını və ciddi dəyişikliklərə səbəb olacağını deməyə əsas verir:
"Tramp bildirdi ki, Yaxın Şərq siyasəti yalnız ABŞ-nin maraqlar kontekstində yürüdüləcək. Husilərlə razılaşmada İsrailin nəzərə alınmaması münasibətlərin hansı səviyyədə olmasından xəbər verir. ABŞ adminsitrasiyasının uğurlu Yaxın Şərq siyasəti, yəni stabilləşmə üçün Neanyahu və fanatik dindarlardan formalaşan koalision hökuməti hakimiyyətdən getməlidir".
Gülşən Şərif