ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası dövründə tez-tez “müharibəni bir həftəyə bitirərdik” ifadəsini işlədirdi. Bu bəyanat əsasən keçmiş prezident Co Baydeni hədəf almaq, onun səriştəsizliyini qabartmaq və seçicilərə özünü güclü lider kimi təqdim etmək məqsədi daşıyırdı.
Lakin Tramp artıq doqquz aydır Ağ Evdədir və reallıqda bu iddianı həyata keçirmək mümkün olmayıb. Ukrayna-Rusiya müharibəsi davam edir, sanksiyalar və diplomatik təzyiqlər artmaqla yanaşı, vəziyyət hələ də həllini tapmayıb. Bu kontekstdə Trampın açıqlamasının siyasi ritorika və real siyasət arasındakı fərqi daha aydın görünür.
Məsələni Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, bu ifadə seçki ritorikasının klassik nümunəsidir. Tramp seçicilərə sadə və cazibədar mesaj verməyə çalışırdı: “Mən gəlsəm, problemi dərhal həll edərəm.” Lakin müasir müharibələrdə bu qədər qısa vaxtda qəti həll mümkün deyil:
“Hətta ABŞ-nin bütün resursları belə, belə mürəkkəb geosiyasi qarşıdurmanı bir həftəyə nəticələndirə bilməz. Ona görə də həmin bəyanat daha çox Baydeni zəif göstərmək üçün siyasi gediş idi”.
“Tramp artıq prezidentdir. Bəs niyə hələ də müharibəni bitirə bilməyib” sualına cavab verən politoloq qeyd edib ki, reallıq seçki kampaniyasındakı ritorikadan çox fərqlidir. Onun sözlərinə görə, Tramp Ağ Evə qayıdandan sonra gördü ki, Ukrayna-Rusiya münaqişəsi çoxsaylı beynəlxalq maraqların və mürəkkəb balansların məhsuludur:
“Təkcə hərbi güclə deyil, diplomatik, iqtisadi və siyasi mexanizmlərlə də proses yönləndirilir. ABŞ hərbi və maliyyə dəstəyi ilə təsir göstərsə də, müharibəni tam bitirmək üçün tərəflərin iradəsi lazımdır. Buna görə də Trampın əvvəlki vədləri gerçəkləşməyib”.
Züriyə Qarayeva: Tarix göstərir ki, iqtisadi zəifləmə hər zaman siyasi geri çəkilmə ilə nəticələnmir
Qarayeva bildirib kii, Baydeni ittiham etmək Trampın əsas kampaniya xətlərindən biri idi:
“O, Baydeni zəif lider kimi təqdim edərək özünü alternativ güc mərkəzi kimi göstərmək istəyirdi. Lakin indi vəziyyət dəyişib. Tramp prezident olaraq real nəticə ortaya qoya bilməyəndə bu sözlərin təsir gücü azalır. ABŞ ictimaiyyəti də görür ki, sadə şüarlar mürəkkəb geosiyasi münaqişələrin həllində işləmir. Bu da Vaşinqtonun qlobal etibarlılığına müəyyən zərbə vurur”.
Bəs Rusiya iqtisadiyyatının zəifləməsi müharibənin sonunu yaxınlaşdıra bilərmi?
Həmsöhbətimizin dediyinə görə, Rusiya iqtisadiyyatı sanksiyalar və artan hərbi xərclər səbəbindən çətinliklər yaşayır. Bu, uzunmüddətli perspektivdə Moskvanın resurslarını tükəndirə və münaqişənin davamını çətinləşdirə bilər:
“Lakin bu proses dərhal nəticə gətirmir. Tarix göstərir ki, iqtisadi zəifləmə hər zaman siyasi geri çəkilmə ilə nəticələnmir. Ona görə də iqtisadi faktor mühüm rol oynasa da, həlledici mexanizm deyil və siyasi iradə ilə tamamlanmalıdır”.
Zülfü Məmmədov