• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Tsi Cinpin Kiyevə niyə getmək istəmir?

SİYASƏT

31 Mart 2023 | 11:02

Tsi Cinpin Kiyevə niyə getmək istəmir?

“Çin lideri Tsi Cinpin iki günlük Moskva səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə Rusiya-Ukrayna müharibəsini müzakirə edib. Bundan əvvəl isə Çin lideri müharibənin dayandırılması üçün 12 maddəlik təkliflərini irəli sürüb. Pekin Rusiya və Ukrayna arasında vasitəçi olmaq istəyir. Buna görə də Tsi Cinpinin Moskva səfərindən sonra “Çin lideri Moskvadan sonra Kiyevə də gedib Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəkmi” sualı aktuallaşdı”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib ki, Ukrayna prezidenti Pekinin vasitəçilik təşəbbüslərini rədd etməyib, sadəcə Tsi Cinpinlə üzbəüz görüşüb fikir mübadiləsi aparmaq istəyir:

“Zelenski Cinpini Kiyevə səfərə dəvət edib. Pekindən cavab yoxdur. Zelenskinin sonuncu dəfə Çin lideri ilə təması müharibədən əvvəl olub. Müharibə başlayandan sonra liderlər görüşməyib”.

Maraqlıdır, Çin lideri niyə Kiyevə getmək istəmir?

Politoloqun sözlərinə görə, birincisi, Tsi Cinpin Moskva ilə siyasi və iqtisadi zəminlərdə strateji tərəfdaşlığı genişləndirməkdə maraqlıdır:

“O, Kiyevə gedib Ukrayna prezidenti ilə görüşməklə Kreml sahibi Vladimir Putinlə tərəfdaşlığına kölgə salmaq istəmir. Pekin Rusiyadan ucuz neft və qaz almaqda maraqlıdır.

İkincisi, Pekin Volodimir Zelenski Vaşinqtonun müttəfiqi sayır. Pekində hesab edirlər ki, Zelenski Vaşinqtonun təlimatları əsasında hərəkət edir. Cinpin bu səbəbdən də Kiyevə gedib Zelenski ilə görüşmək istəmir.

Tsi Cinpin Volodimir Zelenski ilə görüşmədən Rusiya ilə Ukrayna arasında vasitəçi ola bilməyəcək. Əslində Pekin vasitəçi olmaq da istəmir, sadəcə Tsi Cinpin Qərbin Çinə qarşı artan təzyiqlərindən qurtulmaq üçün özünü “sülhdə maraqlı olan tərəf” kimi göstərmək istəyir. Ancaq bu alınmır. Pekinin vasitəçiliyinin Rusiyanın xeyrinə olduğunu hamı anlayır. Misal üçün Tsi Cinpin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də, “Rusiyanın müharibəyə başlama səbəblərini anlayırıq” fikrini bir neçə dəfə səsləndirib. Yəni Tsi Cinpin demək istəyib ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlamaqla beynəlxalq hüququ pozmayıb, Kreml “həyati maraqlarından çıxış edib”. Görünür, Tsi Cinpin ona da işarə edib ki, Ukrayna Kremlin tələbi ilə NATO və Avropa İttifaqı üzvülüyndən imtina etməliydi”.

E.Şahinoğlu deyib ki, Cinpinin 12 maddəlik təkliflərində Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsi vacibliyi göstərilməyib. Onun sözlərinə görə, təklifllərin ümumi mahiyyəti budur ki, tərəflər arasında atəşkəs elan olunsun.

"Qarabağ nümunəsində atəşkəsin nəyə səbəb olduğunu bilirik, bu işğalın rəsmiləşdirilməsinə şərait yaradır. Rusiya-Ukrayna müharibəsində atəşkəs elan olunarsa İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə - Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda olduğu kimi Rusiyanın işğalçı qoşunları Ukrayna ərazisini tərk etməyəcək və uzun onilliklər Kiyevlə Moskva arasında nəticəsi olmayan danışıqlar davam edəcək. Bu isə Rusiyanın maraqlarına uyğundur”, - deyə Elxan Şahinoğlu bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR