Türk dünyasının akademikləri, tədqiqatçıları, aşıqları və sənətçiləri Qarsda bir araya gəlib.
Bakıvaxtı.az xəbər verir ki, tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Dünya Qarapapaq Türkləri Fondu tərəfindən birgə təşkil edilən "Aşıq Ələsgər və Aşıq Şenlik şərəfinə Qarapapaq Türkləri Seminarı və Aşıq Festivalı" çərçivəsində reallaşıb.
Üçgünlük proqram Qarapapaq türklərinin böyük xalq aşıqı Aşıq Şenlikin Çıldırda məzarını ziyarət etməklə başlayıb. Nümayəndə heyəti türk xalq ədəbiyyatının mühüm simalarından biri olan Aşıq Şenlikin xatirəsini hörmət və minnətdarlıqla yad edərək dualar oxuyub. Bundan sonra Aşıq Şenlik Mədəniyyət Mərkəzində onun türk mədəniyyətinə və aşıq ənənəsinə verdiyi dəyərlərin müzakirə olunduğu anım proqramı keçirilib.
Qarsdakı proqramda Qarapapaq türklərinin tarixi, dili, mədəniyyəti, ədəbiyyatı və ortaq kimliyi elmi baxımdan müzakirə edilib. Seminarda Türkiyədən, eləcə də Azərbaycandan, İrandan, və Qazaxıstandan, eləcə də Gürcüstandan olan akademiklər, elm adamları təqdimatlarla çıxış edərək Qarapapaq türklərinin tarixi və mədəni irsi ilə bağlı mühüm qiymətləndirmələr aparıblar.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) prezidenti Prof. Dr. Aygün Attar türk dünyasının birliyi və həmrəyliyinin ortaq tarix, dil və mədəniyyətə əsaslandığını vurğulayıb. Onun sözlərinə görə, Qarapapaq türklərinin türk dünyasının ortaq yaddaşında çox mühüm yeri var. A.Attar bu irsin qorunmasının təkcə mədəni fəaliyyət deyil, həm də gələcək nəsillər qarşısında tarixi bir məsuliyyət olduğunu bildiriv.
Onun sözlərinə görə, Türk dünyasının ortaq dəyərləri elmi tədqiqatlar, mədəni tədbirlər və bədii fəaliyyətlər vasitəsilə qorunub saxlanıla bilər.
Seminardan sonra Aşıq Ələsgər və Aşıq Şenlik adına Bardlar Festivalı tamaşaçılara unudulmaz anlar yaşatdı.
Murad Məmmədli
Bakı 








