• Bakı 26° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Türkiyə Avropa İttifaqına qəbul ediləcək?

DÜNYA

11 Iyul 2023 | 13:00

Türkiyə Avropa İttifaqına qəbul ediləcək?

"NATO sammiti üçün Vilnüsə uçmazdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi üçün Avropa İttifaqına gedən yolu açmağa çağırıb".

Bunu Bakıvaxtı.az-a politoloq Turan Rzayev deyib.

“50 ildir bizi Aİ yolunda saxlayan ölkələrə müraciət etmək istəyirəm. Türkiyənin Avropa İttifaqına yolunu açın. Biz də İsveçin NATO-ya yolunu açacağıq. İsveçin NATO-ya üzv olmaq üçün Ankara ilə imzaladığı memorandumun şərtlərinə tam əməl etməsini gözləyirik. Şərtləri yerinə yetirmək lazımdır. Bu axşam mən İsveçin baş naziri Ulf Kristersson ilə görüşəcəyəm. Onlardan bizə verdiyi sözə əməl etmələrini istəyirik. Türkiyə də öz növbəsində NATO-nun fəaliyyətinə kömək edir, lazım olan hər şeyi edir", - deyə Türkiyə Prezidenti bildirib.

T.Rzayev qeyd edib ki, ötən il iyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, o vaxt İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb. Bir növ yol xəritəsi olan və Stokholm və Helsinkiyə NATO-ya daxil olmağa imkan verən memorandum imzalanıb.

Martın 31-də Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib, Finlandiya aprelin 4-də alyansa üzv seçilib.

Türkiyəli qanunvericilər Stokholmdan Terrorla Mübarizə üzrə Madrid Memorandumunun bütün müddəalarına əməl etməyi tələb edərək İsveçin alyansa daxil olması ilə bağlı protokolunu isə hələ ki, təsdiqləməyiblər.

"Görünən odur ki, Vilnüs sammitində İsveçin üzvlüyü məsələsi müzakirə olunan məsələlər sırasında olacaq. Lakin Türkiyənin İsveçlə bağlı tələbi də diqqətdən kənarda qalmayacaq.

Ankara tələbində israrlıdır. Prinsip etibarilə bu, haqlı və yerində tələbdir. Türkiyə illərdir müxtəlif bəhanələrlə ittifaqa üzv edilmir".

Politoloq Ağ Evin Milli Təhlükəsizlik Şurasının “ABŞ Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmaq istəyini dəstəkləyir. Birləşmiş Ştatlar Türkiyənin Aİ-yə üzvlük istəklərini həmişə dəstəkləyib və dəstəkləməkdə davam edir. Türkiyənin üzvlük iddiası və prosesi Aİ və Türkiyə arasında olan bir məsələdir. Bizim diqqətimiz isə NATO-ya üzv olmağa hazır olan İsveçə yönəlib” dediyini xatırladıb. Bildirib ki, rəsmi Vaşinqton Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmaq istəyini dəstəklədiyini bildirsə də topu Aİ üzərinə atır. Xüsusi ilə “Türkiyənin üzvlük iddiası və prosesi Aİ və Türkiyə arasında olan bir məsələdir” ifadəsi bunu deməyə əsas verir.

TşRzayev deyib ki, Vilnüs görüşü öncəsi Bayden və Ərdoğan arasında baş tutan telefon danışığında da daha çox İsveçin NATO-ya üzvlük məsələsi müzakirə edilib.

"Əslində Vaşinqtonun bu mövqeyi anlaşılandır. ABŞ Aİ üzvlərinin Türkiyəni ittifaqa qəbul etməyəcəyini bilir. Təbii olaraq Türkiyə və Aİ arasında qalmaq istəmir. Buna görə də bu məsələni özlərinin həll etməsini istəyir.

Rəsmi Ankaranın indiki məqamda Aİ-yə qəbul edilməsi real deyil. Bunun birdən çox səbəbi var. Lakin iki səbəb xüsusilə vacibdir.

Birincisi, Türkiyənin Avropa İttifaqına üzv qəbul edilməsi başda təhsil və iş imkanları baxımından milyonlarla Türkiyə vətəndaşının Avropa ölkələrinə axın etməsinə gətirib çıxaracaq. Onsuz da kifayət qədər problem yaşayan ittifaq ölkələrinin türk vətəndaşlarını qəbul etməsi qurum üçün özlüyündə yeni problemlər aça bilər.

İkincisi, son statistik göstəricilərə görə hazırda Türkiyədə 3 milyon 600 min miqrant məskunlaşıb. Suriyada vətəndaş müharibəsindən qaçaraq Türkiyəyə üz tutan suryalılar başda olmaqla Pakistan, Əfqanıstan, Mərkəzi Asiya ölkələri və s. ölkələrdən insanlar bu gün Türkiyəyə üz tutur. Ankaranın Avropa İttifaqına üzv olması halında bu miqrantlar ittifaq ölkələrinə sərbəst şəkildə keçid edə biləcək. İttifaq isə bunu gözə ala bilməz".

"Mümkündür ki, Vilnüs görüşü sonrası İsveçin NATO-ya üzvlüyü reallaşsın. Lakin Türkiyənin Avropa İttifaqına üzvlüyü indiki şərtlərdə o qədər real görünmür", - deyə Turan Rzayev əlavə edib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026