Sentyabrın 28-də Qazaxıstanın Türküstan şəhərində keçirilmiş TÜRKPA-nın 10-cu plenar iclasının yekunlarına dair mətbuat konfransında Azərbaycan parlamentinin sədri Sahibə Qafarova çıxışı zamanı Türküstan Bəyannaməsinin qəbul edildiyini bildirib.
Spiker Sahibə Qafarova məlumat verib ki, Bəyannamədə Türk dünyasına aid bir çox önəmli məsələlər, o cümlədən Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünü bərpa etməsi kimi mühüm məsələ öz əksini tapıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan hər zaman TÜRK PA təşkilatının güclənməyinə çalışıb:
“Bu təşkilat həm bizim mədəni irsimizi, ümumi dəyərlər ətrafında Türk dövlətlərinin birləşməyi, həm də iqtisadi əməkdaşlıq istiqamətində böyük işlər görüb. Xatırlatmaq istəyirəm ki, 44 günlük Vətən müharibəmizdə də bu təşkilat Azərbaycana öz dəstəyini ifadə edib və beynəlxalq hüquq normalarını dəstəkləyib. Parlament müstəvisində mən düşünürəm ki, bu yöndə çox işlər görülüb və böyük perspektivliyi var. Bu Bəyannamə həm də bizim birliyimizin, əməkdaşlığımızın daha çox formalaşmasına xidmət edir”.

“Bilirsiniz ki, Ermənistan utanmadan, açıq şəkildə türkçülüyə və İslama qarşı öz nifrətini hər zaman ifadə edir. Ermənistanın bu yolu seçməyi onların rəsmi bəyan etdiyi ideologiya ilə bağlıdır. Onlarda insanlığa qarşı olan nifrət həm torpaqlarımızın işğalı dönəmində, həm də Vətən müharibəsi ərəfəsində özünü büruzə verib. Ona görə də düşünürəm ki, Ermənistan tərəfi Bəyannamənin qəbulu ilə bağlı hər hansı addım atmağa çalışarsa bu, Nümberq məhkəməsinin qadağan etdiyi fikirlərlə üst-üstə düşəcək” - deyə, deputat bildirib.
Nuranə Daxilqızı
















